Hazırki hava şəraitində məktəblərdə təhsilin davam etdirilməsi məsələsinə baxılacaqmı?
ABŞ, Kanada, Böyük Britaniya və Skandinaviya ölkələrində təhlükəli hava şəraitində məktəblərin bağlanması və ya alternativ təhsil metodlarının tətbiqi adi haldır. Türkiyədə yerli hakimiyyət orqanları dərhal tədbir görüb.
Azərbaycan qanunvericiliyində bu məsələ ilə bağlı dəqiq mexanizmlər mövcud deyil, lakin təhlükəsizlik hər şeydən önəmlidir. Müvafiq qurumlar təcili qərar qəbul edərək dərslərin təxirə salınması və ya onlayn formata keçidi təmin edəcəkmi?
Məsələ ilə bağlı Tribunainfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata əsasən, fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək. Mövcud hava şəraiti ilə bağlı ayrı-ayrı məktəblərdə keçirilməsi mümkün olmayan dərslər (müəllimlərin işə gecikməsi səbəbindən və ya şagird davamiyyətinin əsaslı aşağı olduğu hallarda) yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri rəhbərlərinin qərarı ilə növbəti günlərdə əlavə dərslərlə əvəz ediləcək.
Qeyri-sabit hava şəraiti ilə bağlı müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, təhlükəsizlik qaydalarına nəzarət gücləndirilib.
Qeyd edək ki, hava şəraitinə uyğun olaraq regional təhsil idarələri tərəfindən operativ qərarlar qəbul ediləcək.
Müşahidə edilən qeyri-sabit hava ilə əlaqədar valideynləri diqqətli olmağa, övladlarını nəzarətdə saxlamağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq.
Dəniz