“Hava limanından gələndə gördüm ki, daha böyük inkişaf var”

“Hava limanından gələndə gördüm ki, daha böyük inkişaf var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əziz qardaşım, dəvətə və qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirirəm, qardaş türkmən xalqına səmimi salamlarımı və sevgimi çatdırmaq istəyirəm. Türkmənistan torpağında yenidən olmağımdan da çox məmnunam”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkmənbaşı şəhərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşdə çıxışı zamanı deyib.

Dövlət başçısı sədrin Azərbaycana səfərini xatırladıb: “Biz Sizinlə keçən ay Azərbaycanda görüşmüşük. O səfərin çox böyük tarixi mənası var. Həm Bakıda, həm işğaldan azad edilmiş Qarabağ torpağında bizim görüşlərimiz Azərbaycan xalqını çox məmnun etdi. Sizin bizə verdiyiniz dəstək bizim üçün çox önəmlidir, çox dəyərlidir. Biz Sizinlə söhbətlər əsnasında hər zaman tarixi köklərimizə də nəzər yetirirdik. Bizi birləşdirən ortaq tarix, mədəniyyət, etnik köklər, dilimiz və dinimizdir. Türkmən və Azərbaycan xalqları, sözün əsl mənasında, qardaşdırlar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Bu gün müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar. Mən artıq Sizə bildirdim ki, Avazanın inkişafı Sizin adınızla bağlıdır, Sizin əsərinizdir. Bu müasir, gözəl şəhər, əslində, Türkmənistanda gedən genişmiqyaslı inkişafı əks etdirir. Mən burada üç il bundan əvvəl Sizin dəvətinizlə olmuşam və artıq hava limanından şəhərə gələndə gördüm ki, daha böyük inkişaf var. Bütün bunlar Sizin fəaliyyətinizin nəticələridir.

Qeyd etdiyiniz kimi, biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Mən əminəm ki, dediyiniz bütün sahələr – energetika, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma, mədəni əlaqələr üzrə çox gözəl perspektivlər var. Sizin səfərinizdən sonra Hökumətlərarası Komissiyanın iclası olmuşdur. Orada bir çox məsələlər müzakirə edilib, gözəl nəticələr əldə olunub və biz bir neçə məsələni də bu gün burada müzakirə edəcəyik”.

İlham Əliyev qeyd edib ki, nəqliyyat imkanlarına baxdıqda indi yeni potensial var: “Şərq-Qərb nəqliyyat dəhlizi Türkmənistan və Azərbaycan ərazilərindən keçir. Əlbəttə ki, bizim bu sahədəki birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək. Çünki bu gün Avropanı Uzaq Şərqlə birləşdirən etibarlı nəqliyyat bağlantısı bizim ölkələrimizin ərazisindən keçir. Mən bilirəm ki, Türkmənistanda çox böyük işlər görülüb – müasir dəniz limanı, hava limanları, dəmir yolları. Bütün bunlar Sizin rəhbərliyinizlə həyata keçirilən layihələrdir ki, Türkmənistanda ən müasir infrastruktur yaradılıb. Belə infrastrukturlar Azərbaycanda da yaradılıb. Ona görə bu istiqamətdə səylərimizin birləşməsində çox böyük fayda var.

Əlbəttə, bizim tez-tez görüşməyimiz, hesab edirəm ki, bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan və Azərbaycan – qardaş dövlətlər, qardaş xalqlar hər zaman bir-birinin yanındadır.

Bir daha qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm”.