Harvard Universiteti hüquq fakültəsinin məzunu Əli Azər oğlu Ələkbərli Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektoruna işə qəbul edilib.
Tribunainfo.az xəbər verir ki, Əli Ələkbərli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr pilləsini hüquqşünaslıq ixtisası üzrə prezident təqaüdçü kimi fərqlənmə diplomu ilə, 2020-ci ildə respublika birincisi olaraq daxil olduğu Bakı Dövlət Universitetinin magistr pilləsini “Kommersiya hüququ” ixtisası üzrə fərqlənmə diplomu ilə, 2023—2024-cü illərdə isə Harvard Universitetində hüquq üzrə magistr pilləsini (LLM) bitirib.
Əli Ələkbərli 2021-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq” iştisası üzrə doktorantura pilləsinə qəbul olunmuş, Stanford Universiteti və Yale Universiteti tərəfindən təşkil edilən akademik proqramlarda iştirak edib.
Əli Ələkbərli əmək fəaliyyətinə 2019-cu ildə “AZİP Hüquq Firması” MMC-də hüquqşünas kimi başlayıb, 2022-ci ilin avqust ayından 2023-cü ilin iyun ayınadək isə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində aparıcı mütəxəssis kimi fəaliyyət göstərib.
Xatırladaq ki, 2023-cü ildən etibarən Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Harvard Hüquq Məktəbinin məzunu Araz Poladovdur.