Hansı evləri sənədləşdirmək mümkün olmayacaq?

Hansı evləri sənədləşdirmək mümkün olmayacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, kommunikasiya xətlərinin üzərində, yüksəkgərginlikli elektrik xətlərinin altında, dəmiryol xəttinin ətrafında olan evlər və obyektlər istisna olmaqla bütün sənədsiz evlərə “əmlak amnistiyası” tətbiq ediləcək.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, bu məqsədlə yeni elektron portal hazırlanır. Bu portal 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcək. İnsan sağlamlığı və fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək.
Mövzuya münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az-a deyib ki, yeni layihə sosialyönümlüdür. Onun sözlərinə görə, bu da o deməkdir ki, heç bir ailə öz evindən çıxarılmayacaq:
“Ancaq iki dəmir yolu xəttinin arasında tikilmiş mənzilin özəlləşdirilməsini gözləmək doğru deyil. Əslində, bu, həmin insanların həyatına təhlükə yaradan amildir. Amma insan sağlamlığına və insan fəaliyyətinə əngəl olmayan bütün sənədsiz evlərə sənəd veriləcək. Kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunmuş qanunusuz tikililərdən başqa normativlərə uyğun inşa edilmiş fərdi evlər də sənədləşdirilməlidir”.
Ekspert vurğulayıb ki, həmçinin, vətəndaş internet üzərindən öz əmlakını rahatlıqla idarə edə biləcək. Buradakı digər üstünlük ondan ibarətdir ki, vətəndaş harada yaşamasından, harada pasport qeydiyyatında olmasından asılı olmayaraq, öz əmlakı barədə internet üzərində müvafiq qərar verə biləcək.