“Sağlamlıqla bağlı hamımızı narahat edən və deputatlar tərəfindən qaldırılan bəzi məsələlərin zərfə daxil edilməsi hazırda hökumətin gündəliyindədir”.
Tribunainfo.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Müasir təhsilin inkişafı və əhalinin keyfiyyətli və qabaqcıl tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün növbəti ilin dövlət büdcəsində daha çox vəsait nəzərdə tutulub. İqtisadi artımın dayanıqlığı və rəqabət qabiliyyətinin yüksəldilməsi əmək bazarındakı vəziyyətdən və insan kapitalının keyfiyyətindən bilavasitə asılıdır.
Ölkəmizdə müasir, vətənpərvər gəncliyin inkişafı üçün innovativ, müasir təhsilə çıxışın artırılması, peşə təhsili və peşə hazırlığı ilə bağlı proqramların genişləndirilməsi, rəqəmsal biliklərin öyrədilməsi, rəqabətqabiliyyətli kadrların hazırlanması istiqamətində büdcədən zəruri dövlət dəstəyi göstəriləcək.
Səhiyyə sahəsində aparılan davamlı islahatların nəticəsində cari ildə Tibbi Xidmətlər Zərfi çərçivəsində göstərilmiş xidmətlərin sayında 21% artım olub.
Maliyyə təminatı nəzərə alınaraq xidmətlər zərfinin genişləndirilməsi daim hökumətin diqqətindədir”, – deyə Baş nazir bildirib.