“Halloween” uşaqlarda travma yarada bilərmi? — Psixoloq

“Halloween” uşaqlarda travma yarada bilərmi? — Psixoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər Azərbaycanda da “Halloween” bayramı daha çox uşaqlar və gənclər arasında populyarlıq qazanıb. Maskalar, qorxulu geyimlər ilə keçirilən bu tədbir əyləncəli görünsə də, bəzi valideynlər, hətta psixoloqlar da onun uşaqların psixologiyasına mənfi təsir göstərə biləcəyini vurğulayırlar. 

Qorxu elementləri, qəbir, ölüm və “ruhlar” kimi obrazların oyun formasında təqdim edilməsi uşaqlarda travmatik təsir yarada bilərmi?

Bəzi psixoloqlar bildirir ki, Halloween-in uşağın yaradıcılıq və sosiallaşma bacarıqlarına müsbət təsiri ola bilər, bu doğrudurmu?

Azərbaycan mədəniyyətində belə bayramların qəbul edilməsi uşaqların dəyərlər sisteminə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən psixoloq Dilruba Həsənova bildirib ki, əslində, “Halloween” bayramı Qərb mədəniyyətinə məxsusdur və çox qədim olan bir ənənədir.

D. Həsənovanın sözlərinə görə, o dövrdə insanlar inanırdılar ki, oktyabrın 31-i gecəsi ölülərin ruhları yer üzünə qayıdır. Psixoloji tərəfdən baxsaq, insanlar niyə belə ediblər?! Çünki, insan beyni üçün ölüm izahı olmayan qorxu mənbəyidir. Qədim dövrlərdə də insanlar çalışırdı ki, ölüm anlayışını mənalandırsınlar. Bu bir növ təsəlli idi. Onlar hətta ruhlardan qorunmaq üçün maskalar taxırdılar, od qalayırdılar. Yəni bugünkü “qorxulu geyim” və “ruhlar” o zamankı inanclara dayanır.

İllər sonra Halloween-in bayrama çevrilməsindən bəhs edən psixoloq deyib:

“Daha sonralar bu adət Qərbdə əyləncəli və yaradıcı yönümlü bayram kimi qeyd olunmaga başladı”.

Bu bayramın uşaqların psixologiyasına necə təsir etməsindən danışan psixoloq vurğulayıb:

“”Halloween” bayramı uşaqların emosional beyin strukturlarını birbaşa stimullaşdırır. Yəni, beynin “qorxu mərkəzi” – təhlükə siqnallarını qəbul edir kortizol və adrenalin ifrazını artırır. Uşaq üçün bu proses oyun şəklində baş verəndə, beyin “qorxuram, amma təhlükə real deyil” mesajını qəbul edir. Bu baxımdan müəyyən dərəcədə qorxu ilə qarşılaşmaq uşağın emosional davamlılığını artıra da bilər.
Amma bu mexanizm hər uşağa aid deyil. Əgər uşaq çox həssasdırsa, yaxud ailə mühitində gərginlik, itki, travma kimi hallar yaşayıbsa, o zaman beyin real və xəyali qorxunu ayıra bilmir. Nəticədə bədəndə stress uzunmüddətli olur. Beləliklə, yuxu pozuntuları, gecə qorxuları və ayrılıq narahatlığı kimi hallar görünə bilər.
Yəni, qorxu oyun şəklində olsa belə, balans pozularsa, bu, uşaqda emosional həssaslığı artıra bilər”.

Məsələnin yaradıcılıq tərəfinə toxunan Dilruba Həsənova qeyd edib:

“Eyni zamanda Halloween uşaqlarda yaradıcılıq və sosiallaşma bacarığını gücləndirə bilər. Kostyum seçmək, rol oynamaq, dostlarla birgə fantaziya qurmaq simvolik oyun adlanır və bu, uşaq inkişafında çox vacib mərhələdir.
Simvolik oyun vasitəsilə uşaq beynində planlama, adaptasiya, empati və emosional tənzimləmə bacarıqları inkişaf edir.
yəni o, oyunda gerçəklikdə bacarmadığı davranışları sınayır, özünü fərqli rollarda yoxlayır və s.”

Cəmiyyətimizdə isə ölüm, ruh, qəbir kimi anlayışların mənəvi və müqəddəs məna daşıdığını bildirən psixoloq açıqlayıb:

“Bizdə bu mövzulara hörmət və sakitliklə yanaşmaq mədəni bir davranış formasıdır.
“Halloween” isə bu simvolları oyun və zarafat kontekstində təqdim edir, bu da bəzi valideynlər üçün dəyərlərlə ziddiyyət yarada bilər.
Burada əsas məsələ uşağın mədəni kimliyinin qorunmasıdır. Uşağa izah olunmalıdır ki, bu bayram bizim mədəniyyətə məxsus deyil, amma digər xalqlar üçün bu, bir əyləncə formasına çevrilib. Uşaq öyrənməlidir ki, başqa mədəniyyəti tanımaq öz dəyərlərindən uzaqlaşmaq demək deyil.
Əks halda, mədəni simvolların mahiyyəti uşaqda emosional neytrallaşma yarada bilər – yəni müqəddəs anlayışlara qarşı həssaslığını itirər. Bu da gələcəkdə dəyərlər sisteminin formalaşmasında boşluq yarada bilər.
Dolayısıyla, bizim cəmiyyətdə Halloween-in uşağın psixikasına necə təsir göstərəcəyi yaşdan, emosional inkişaf səviyyəsinden və ailənin münasibətindən asılıdır”.

Psixoloq sonda valideynlərə bu bayramı necə aşılamağın yollarını sadalayıb:

“Əgər valideyn bu prosesi maarifləndirici, oyunvari və izahlı şəkildə təqdim edirsə, bu, uşağın beynində həm qorxu tənzimləmə mexanizmini, həm də yaradıcılıq bacarıqlarını inkişaf etdirə bilər.
Amma əgər bu bayram reallıq və fantaziya arasındakı sərhədləri pozaraq təqdim edilirsə, o zaman psixoloji stress, qorxu və narahatlıq formalaşdıra bilər.
Ən sağlam yanaşma isə uşağa deməkdir ki, bəziləri bu cür geyinib əylənirlər, bu sadəcə oyundur, amma bizdə ölülərə və ruh anlayışına fərqli münasibət var.
Beləcə, uşaq həm mədəni fərqləri anlayır, həm də öz kimliyini qorumağı öyrənir”.

Dəniz Pənahova