“Azərbaycanda marketlərdə satılan məhsulların üzərindəki halal işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur”.
Bunu “Azərbaycan Standartlaşdırma İnstitutu”nun (AZSTANDART) Baş direktoru İlham Bayramov Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda deyib.
Bu gün dünyada da bir çox qidaların geni dəyişdirilib buğdadan tutmuş meyvə-tərəvəzə qədər.
Halal işarəsi qoymaq bu məhsulun İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya təşkilatının (SMIIC) standartlarına cavab verirmi?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən qida eksperti Ağa Salamov bildirib ki, halal məhsul böyük bir zənciri əhatə edir yəni qida zəncirini. Ət məhsulları fermadan süfrəyə, ətin qət etdiyi yolda qida zəncirində qırılmaların olmaması şərtdir.
Ekspertin sözlərinə görə, fermada xəstə heyvan kəsilərsə qida zəncirinin sonunda onun yeyilməsi haramdır. Yaxud da bir-birinin yanında, qan içində, mikrobioloji çirklənməyə məruz qalan kəsim vaxtı baytar nəzarəti olmadan və ya xəstə heyvan kəsilərsə təbii ki, qida zəncirində harama gətirib çıxarır. Burada vicdan işi də böyük rol oynayır. Yəni qida zəncirinin əvvəlində baytar nəzarəti mütləq olmalıdır. Kəsim şərtləri düzgün standartlara uyğun olmalıdır. Heyvanlar bir-birinin gözü önündə kəsilməməlidir. Bu zaman stress hormonları heyvanın orqanizmində çoxalır. Bu da insanlara təsir edir.
“Bu böyük bir prosedurdur. Bu prosedurda fermadan süfrəyə qidanın qət etdiyi yol halal, xəstə olmayan, halal kəsimlə edilmiş ət ola bilər. Əgər soyuq qida zəncirində, müəssisələrə çatdırılmada qırılma olarsa burada heç bir halallıqdan söhbət gedə bilməz.
Bundan əlavə müəssisəyə çatdırıldıqda da düzgün şərtlər altında mühafizə olunmazsa, saxlanma şəraiti düzgün olmazsa, saxlanma müddəti uzun olarsa, ət çirklənməyə məruz qalarsa bu zaman halallıqdan çıxar. Halal təkcə bismillah deyib heyvanı yerə yıxıb kəsmək deyil. Heyvanların qidaları da təbii, orqanik olmalıdır. Halal qidanın fermadan süfrəyə qət etdiyi yolda qida zəncirində qırılmaların olmaması deməkdir”.
Dəniz Pənahova