“Seçkilərdə gənclərin və qadın namizədlərin də fəal olduqlarını müşahidə edirəm, bu, sevindirici amildir.
Tribunainfo.az xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli deyib.
“Düşünürəm ki, gənclərin və qadınların parlamentdə təmsil olunması çox önəmlidir və xalqımız seçkilərdə həmin namizədləri də dəstəkləyəcək. Mandat qazanacaq deputatlar seçicilərin inamını doğrultmalıdır. Ümumilikdə isə seçkilərin dövlətimizə, xalqımıza uğur gətirməsini və layiqli namizədlərin qələbə qazanmasını arzulayıram”.
O bildirib ki, tarixi zəfərimizdən sonra formalaşacaq ilk parlamentin üzərinə çox böyük məsuliyyət düşür: “Təşviqat dönəmini yaxından izləyən biri olaraq deyə bilərəm ki, seçkiöncəsi dövrdə ölkəmizdə demokratik ab-hava hökm sürür. Deputatlığa namizədlər bərabər şəkildə öz təşviqatlarını davam etdirirlər. Budəfəki seçkilərin daha bir önəmli tərəfi namizədlərin öz təşviqat kampaniyaları zamanı sosial şəbəkələrdən olduqca fəal istifadə etmələri oldu. Bu da ölkəmizdə mövcud olan söz və ifadə azadlığının eyni zamanda sosial mediada yaradılan azad və demokratik mühitin göstəricisi oldu”.