Hacıbala Abutalıbov kimdir? Hacıbala Abutalıbov kimdir?
Nə az- nə çox, düz 16 idir paytaxt meri “sükanını” əzmlə qoruyan Hacıbala Abutalıbovun 72 yaşı var. İxtisasca fizik olan Bakı meri 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. Ali məktəbi bitirdikdən sonra elmi fəaliyyətlə məşğul olmaqda israrlı olan gələcəyin meri 32 yaşında elmlər namizədi adını alır. Dissertasiya işini Rusiyada müdafiə edir. 1987-ci ildə isə Lenin mükafatı laureatı, akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir. H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiridir. Hər şeydən birdən başladı… Xatırlatma üçün deyək ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Hacıbala Abutalıbov o qədər aktiv olmasa da, siyasi fəaliyyətlə məşğul olub. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaranan Yeni Azərbaycan Partiyasının qurulması prosesində iştirak edib. Bu məqsədlə dəfələrlə Naxçıvana səfərlər edib. 1995-ci ildə məmur statusu qazanır. O, 2000-ci ilə qədər Suraxanı rayon İcra Hakimiyyətinin başçısı işləyir. İnsaf naminə demək lazımdır ki, onun bu rayona rəhbərliyi məhsuldar olub. Suraxanıda yenidənqurma işləri vüsət götürür.H.Abutalıbovun bu fəaliyyəti təqdir olunur və çox keçmir ki, Baş Nazirin müavini kimi yüksək vəzifəyə təyinat alır. 2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilir. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. Mətbuatın ən çox “istefaya” göndərdiyi məmur… Hacıbala Abutalıbov bir müddət mətbuatın hər həftə istefaya göndərdiyi məmurlar siyahısında yer alırdı. Hətta demək olar ki, bu siyahıya “liderlik” edirdi. Həm də o məmurlardandır ki, istefa xəbərləri yayılandan sonra 10 ildir postunu qoruya bilib. Paytaxt meri vəzifəyə təyin olunduğu ilk illərdə sərt qərarları, parakəndə satıcılara qarşı amansız mövqeyi ilə fərqlənirdi. Onun şəhərin mərkəzi hissələrində açıq satışı yığışdırması kəskin tənqid olunsa da, Bakıda müəyyən nizam-intizam yaratdı. Hamı günahı onda görür: “”Azərsu” ayırıdır, “Azəryolservis” ayrıdır” Bakı şəhər İcra Hakimiyyətinin başçısı populist çıxışları ilə də gündəmdədir. Ara-sıra mətbuatda görünən mer narazı ovqatı, atmacaları ilə diqqət çəkməyi bacarır. Onun “Bakıda su yoxdur, məni günahlandırırlar, qaz yoxdur, məni günahlandırırlar” açıqlaması və digər bu qəbildən olan fikirləri maraqla qarşılanır. Hətta satirik janrda fəaliyyət göstərən sənət adamları üçün “unikal fürsət”dir. Bu ilin may ayında 73 yaşını tamamlayacaq, 57 yaşından Bakı kimi strateji mərkəzə rəhbərlik edən H.Abutalıbovun bir oğlu və bir qızı var.
Aktual.az