backend

“Hacı Cavad” məscidi ilə bağlı son qərarı xüsusi komissiyanın verəcəyi bildirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 12-də səhər saatlarında “Sovetski” adlanan ərazidə, Abdulla Şaiq küçəsində yerləşən “Hacı Cavad” məscidinin sökülməsi xəbəri yayıldı. 

Aprelin 12-də səhər saatlarında “Sovetski” adlanan ərazidə, Abdulla Şaiq küçəsində yerləşən “Hacı Cavad” məscidinin sökülməsi xəbəri yayıldı.

Məlumata görə, bina şəhər infrastrukturunun genişmiqyaslı yenidənqurması və yeni yolların tikintisi gedən zonada yerləşir. Plana əsasən, memarlıq əhəmiyyəti olmayan bu bina sökülməlidir. Amma həmin gün mübahisələr yarandı. Səbəb isə dindarların dairəvi müdafiə xətti təşkil edərək, getməkdən imtina etməsi və məscidi sökməməyi tələb etmələri olmuşdu.

Polisin məsciddən və ona bitişik ərazidən uzaqlaşdırmaq cəhdlərinə baxmayaraq, 200-ə yaxın dindar “Hacı Cavad” məscidinin sökülməsinə imkan verməyib. Günortadan sonra polis və yerli hakimiyyət nümayəndələri bu zonanı tərk ediblər və dindarlar məscidin içində deyil, küçədə namaz qılıblar.



 

Məscidin sökülməsinə etiraz edənlər buranın tarixi abidə olmasını əsas göstərirlər: “Bu məscid Tacir Hacı Cavad tərəfindən tikilib və 19-cu əsrə aiddir. Bura həm də məsciddir, Allahın evidir. Burada yüzlərlə insan namaz qılır, ibadət edir. Məscidi sökmədən də iş aparmaq olar”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə məsələyə münasibət bildirib. Şeyx deyib ki, o, belə bir məscidin varlığından xəbərsizdir: “Sökülməsi nəzərdə tutulan məscidlərin heç biri bizim qeydiyyatımızdan keçməyib. Mən o məscidlərin yerini də tanımıram. Söhbət ümumiyyətlə, məscidlərin sökülməsindən gedirsə, mən bunun tərəfdarı deyiləm, ancaq elə şeylər var ki, xalq üçün əhəmiyyətli işlər görülərsə, məsələn, yol çəkilərsə, danışıqlar yolu ilə bu işlər həyata keçirilə bilər”.

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də məsələyə münasibət bildirib. Dövlət xidmətinin rəisi Zakir Sultanovun verdiyi məlumata görə, məscid qorunan abidələr siyahısında olmayıb: “Məscid bizim xidmət tərəfindən qurunmur, dayanıqlığı da zəifdir. Kimsə deyirsə ki, həmin məscidlərin üzərində “Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunur” lövhəsi olub, bu, tamamilə yanlışdır. Belə bir lövhə olmayıb”.

Prezident məscidin sökülməsini dayandırıb

Aprelin 13-də Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Prezidenti İlham Əliyevin “Hacı Cavad” məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verdiyini deyib.

Ə.Həsənov bildirib ki, Prezident İlham Əliyev “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub: “Dövlət başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq, məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib”.

Bu gün isə məscidin söküləcəyi və artıq bununla bağlı razılığa gəlindiyi ilə bağlı məlumatlar yayıldı.

Musavat.com saytının əməkdaşı məlumatı dəqiqləşdirmək üçün adıçəkilən məsciddə olub.

Həftənin cümə günü olduğu üçün inanclılar cümə namazına toplaşmışdılar. Məscid kənardan uçuq-sökük binaya bənzəsə də, içəridə hər şey səliqəli formadadır. Məlumata görə, burada eyni anda 350-400 nəfər namaz qıla bilir. Reportaj zamanı da bunun şahidi olduq.

Dindarlar cümə namazından sonra sakit şəkildə dağılışdılar. Yayılan informasiya ilə bağlı onlardan fikir də aldıq. Onların sözlərinə görə, bu gün heç kim məscidə gəlməyib: “Dedilər ki, Fövqəladə Hallar Nazirlinin əməkdaşları gələcək. Yəqin ki, bina ilə bağlı rəy vermək üçün araşdırma aparacaqlar. Amma hələ ki, heç kim gəlməyib. Məscidin sökülməyəcəyi deyilib. Görək nə olur, Allah axırını xeyirli eləsin. Məscidin sökülməsi yaxşı bir şey deyil. Bura həm də tarixi binadır. Yol çəkirlər, yaxşı edirlər, etsinlər. Amma bu yolu məscidə toxunmadan da çəkmək olar”.

Yayılan məlumatlar öz təsdiqini tapmadı. Məscidlə bağlı son qərarı xüsusi komissiyanın verəcəyi bildirilir.