Gürcüstanın Daxili İşlər Nazirliyi ölkə müxalifətinin liderinin döyülməsi faktına münasibət bildirib.
Tribunainfo.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Darakvelidze bildirib ki, Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın lideri Levan Xabeişvili polis zəncirini qırmağa cəhd edib, polislərə müqavimət göstərib və nəticədə yaralanıb.
Gürcüstan KİV-in məlumatına görə, Xabeişvili xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hazırda o, tibb müəssisəsindədir.
“Vahid Milli Hərəkat” partiyası onun mitinq zamanı qaçırıldığını bildirib.
Xatırladaq ki, bu günlərdə Tbilisidə ölkənin hakim partiyasının parlamentə təqdim etdiyi xarici agentlərlə bağlı qanun layihəsinin müzakirəsi ilə əlaqədar kütləvi etiraz aksiyaları keçirilir. Dünən daha bir aksiya xüsusi təyinatlılarla etirazçılar arasında toqquşma ilə müşayiət olunub.