2025-ci ilin oktyabrında Gürcüstanda keçirilən yerli seçkilər gərgin siyasi hava ilə müşahidə edildi. Seçki günü Tbilisidə minlərlə insan etiraz yürüşlərinə çıxdı və bəzi iştirakçılar prezident sarayını zorla keçməyə çalışdı. Polislər su şırıngaları və gözyaşardıcı qazdan istifadə edərək kütləni saxlamış, bir neçə nümayişçi həbs edilmişdir.
Gürcüstanın Avropa inteqrasiyası planları getdikcə daha çox sual altına alınır, demokratik institutlara inam zəifləyir və ölkədə siyasi sabitliklə bağlı yeni şübhələr yaranır.
Bu fonla politoloqla müsahibənin məqsədi — Gürcüstanda hazırkı siyasi böhranın mənbələrini, xarici və daxili güclərin rolunu və bu situasiyanın regiona təsirlərini aydınlaşdırmaqdır.
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu suallarımızı cavablandırıb.
Hakimiyyətin etirazlara qarşı sərt reaksiyası ölkənin demokratik institutlarına nə qədər xələl gətirə bilər?
Bu siyasi böhran Gürcüstanın Avropa inteqrasiyasında hansı addımlara mane ola bilər?
Gürcüstanın qonşulara, o cümlədən Azərbaycana və Türkiyəyə qarşı geosiyasi duruşunda hansı dəyişikliklər gözlənilə bilər?
“Gürcüstan müxalifəti Qərbin, ABŞ-nin və Avropa İttifaqının müxtəlif təşkilatları ilə sıx bağlıdır. İllər uzunu bu təşkilatlardan maliyyə, qrandlar alıb. Daha sonra Gürcüstan hökuməti bunun qarşısını almaq üçün qanun qəbul etdi. Qrant alınmasının qarşısını xeyli məhdudlaşdırdı. (çünki Gürcüstan hökuməti hesab etdi ki, bu maliyyədən Gürcüstan müxalifəti hakimiyyətə qarşı istifadə edir.) Qeyri-hökumət təşkilatlarına verilən maliyyə Gürcüstan müxalifətinə keçirilir. Və bu da çevriliş və qiyam üçün istifadə edilə bilər.
Bundan sonra paytaxt Tiflisdə etirazlar başladı. Qeyri-hökumət təşkilatlarına müxalifət də dəstək oldu. Sonra parlament seçkilərində etiraz daha da artdı. Son bələdiyyə seçkilərində radikal müxalifətin əsaslı hissəsi iştirak etmədi, baykot etdi. Amma buna baxmayaraq bir qrup tərəfdarı küçəyə çıxarıb prezident administrasiyasına hücum təşkil edə bildilər.
Əslində reallıqda rəqəmlər də göstərir ki, Gürcüstan Hakim Partiyası Bələdiyyə seçkilərində də qələbə çalıb. Sadəcə bu qələbənin nəticələrini ortadan qaldırmaq üçün müxalifət yenidən hərəkətə keçdi. Amma bu dəfə də alınmadı. Bu hərəkatı təşkil edənlər həbs olundu.
Avropa İttifaqı bu hadisələri pislədi. Mən hesab edirəm ki, Gürcüstandakı bu hadisələr ola bilsin qərbdəki müəyyən dairələrin hakimiyyəti devirmək məqsədilə həyata keçirilib. Çünki Qərbdə belə bir fikir də var ki, Gürcüstanın indiki hakimiyyətinin Rusiya ilə sıx bağlılığı var. Halbuki, Gürcüstanın heç Rusiya ilə diplomatik münasibətləri yoxdur. Torpaqların işğal olunduğuna görə. Amma ticari mübadiləsi var.
Bundan sonra əlbəttə Amerika və Avropanın Gürcüstanla münasibətlərində sualların sayı artacaq. Gürcüstanın baş naziri Kobaxidze də əslində bu hadisələrdə Avropa İttifaqını günahlandırır ki, bu küçə yürüşlərinin və Prezident Administrasiyasına hücumun arxasında Avropa institutları dayanır. Bu Gürcüstan və Avropa arasındakı münasibətləri daha da gərginləşdirəcək. Gürcüstanın Avropaya inteqrasiya məsələsini də yubadacaq.
O ki, qaldı Gürcüstanın qonşu ölkələrlə münasibətlərinə, Azərbaycan və Ermənistanla, o cümlədən digər qonşu ölkələrlə münasibətlərə təsir etməyəcək. Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Gürcüstan hökuməti bunu anlayır. Bu siyasətə də sadiq qalacaq. Eləcə də Ernistanla tərəfdaşlıq münasibətləri var. Biz Gürcüstanın daxili işlərinə qarışmırıq. Tərəfdaş dövlət kimi sabitlikdən maraqlıyıq”.
Dəniz Pənahova