Gürcüstanda etiraz aksiyası: Tiflisdə müxalifət liderləri döyüldü (VİDEO)

Gürcüstanda etiraz aksiyası: Tiflisdə müxalifət liderləri döyüldü (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın sədri Levan Xabeişvili və “Vətəndaşlar” siyasi birliyinin lideri Aleko Elisaşvili Tiflisdə “xarici agentlər” haqqında qanuna qarşı keçirilən etiraz aksiyasında təhlükəsizlik qüvvələri tərəfindən döyülüblər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Echo of Caucasus” yazıb.
“Formula TV” şirkəti Xabeişvilinin üzündə döyülmə izləri olan şəklini dərc edib – onun üz-çənə nahiyəsində xəsarətlər olub.
SOVA xəbər verir ki, bundan əvvəl partiya Daxili İşlər Nazirliyini müxalifətçinin fiziki təhlükəsizliyini təmin etməyə və onu dərhal azad etməyə çağırıb.
“Bir neçə dəqiqə əvvəl Bidzina İvanişvilinin şəxsi göstərişi ilə Gürcüstandakı Rusiya rejiminin nümayəndələri Vahid Milli Hərəkat Partiyasının sədri, parlamentin üzvü Levan Xabeişvilini oğurlayıblar”, – UNM-in bəyanatında deyilir.
Müxalifətçi eyni zamanda klinikadan videomüraciət yayıb və “ağrımadığını” bildirib.
“Gözüm düzələcək, bədən və başqa ağrılarım keçəcək, putinistlərə qarşı mübarizə isə davam etməlidir”, – Xabeişvili bildirib.
“Vətəndaşlar” siyasi birliyinin lideri Aleko Elisaşvili də polisə yaxınlaşdıqdan sonra vurularaq yerə yıxılıb.
“Məni də sürüdülər, amma Levanın şəklini görəndə… Hansı partiyanı təmsil etməyimin fərqi yoxdur, deputatla belə, it kimi davrana bilməzsən”, – o deyib.
Bundan əvvəl təhlükəsizlik qüvvələri “Aqmaşenebeli Strategiya” partiyasının lideri Giorgi Vaşadzeyə hücum etməyə cəhd edib.
Çərşənbə günü gecə Gürcüstanın xüsusi təyinatlı qüvvələri Tiflisdə “xarici agentlər” haqqında qanuna qarşı keçirilən dinc etiraz aksiyasının iştirakçılarını zorakılıqla dağıtmağa çalışıblar, bundan sonra geri çəkiliblər. Ötən gecə Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları azı on nümayişçiyə bibər qazı püskürdüblər.
Çitadze küçəsində əvvəllər də fəallarla polis arasında toqquşmalar olub: Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları siyasətçilərin və fəalların oturaq aksiya keçirdikləri parlamentin yan girişindəki ərazini güc tətbiq edərək təmizləyiblər.
Xatırladaq ki, Gürcüstan parlamentinin Hüquq Komitəsi aprelin 29-da qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Onun Gürcüstan parlamentinin plenar iclasında müzakirəsi  daha bir neçə gün davam edə bilər.
Bundan əvvəl Aİ Gürcüstana bir daha xəbərdarlıq etmişdi ki, “xarici agentlər” haqqında qanunun qəbulu onun Avropa İttifaqına inteqrasiya prosesinə təsir göstərəcək.