Tiflisdə baş verənlər müxtəlif cür şərh edilə bilər. O şərhlərdən asılı olmayaraq bircə fakt göz qabağındadır. Cəmiyyət siyasi partiyalarla bağlı mövqedə qəti olmasa da, Avropa İttifaqının üzvü olmaqda qətidir. Hakimiyyət isə, etirazçılara qarşı sona qədər mübarizə aparmaqda qətidir.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə politoloq Zaur Məmmədov çıxış edib. O bildirib ki, Gürcüstandakı siyasi parçalanma iki düşərgənin ölkənin xarici siyasətinə fərqli baxışları ilə bağlıdır:
“Parlament seçkilərindən sonra etirazlar olsa da, müxalifətin tərəfdarları onların istədikləri sayda deyildi. Lakin bugünlərdə Baş nazir Kobaxidzenin “Gürcüstan 2028 – ci ilə qədər Aİ – yə üzvlük məsələsini dondurur” bəyanatı əvvəlki mitinqlərdən fərqli olaraq daha çox insanı meydanlara yönəltdi. Maraqlısı budur ki, Kobaxidze Ukraynanın eks – prezidenti Viktor Yanukoviçin 2013-cü ilin noyabrında “Aİ ilə assosiativ sazişə hazırlığın dayandırılması” ilə bağlı bəyanatını demək olar ki, sözbəsöz təkrarladı və bundan sonra insanlar küçələrə axışdı.
Nəticə göz qabağındadır. Gürcüstanın iri şəhərlərində minlərlə insan küçələrdə polislərlə üz-üzədir. Parlament seçkilərindən sonra bu kütlənin yarısı belə küçələrdə yox idi. Deməli, mitinqçilərin arxasında kimin olmasından asılı olmayaraq bir həqiqəti demək lazımdır. Bu gün dünyada ən cəlbedici sayılan Aİ tərzində yaşam gürcülərin arzusudur.
Lakin məlumdur ki, Aİ və Qərbin cəlbedici dəyərləri Avrasiyanın ortasında yerləşən qeyri-avropalılar üçün bəzən cənnət deyil, cəhənnəm gətirir”.
Z.Məmmədov bildirib ki, indi hamının sualı budur, küçədəki insanlar təbii yoxsa planlaşdırılmış ssenari üzrə iğtişaşlarda iştirak edir?:
“Fakt odur ki, bu etirazların rəngli inqilabın ilkin şərtlərinə bənzəməsi ssenarisini nəzərdən qaçıra bilmərik. Qərb QHT-ləri və siyasi təşkilatları tərəfindən dəstəklənən müxalif qüvvələr əhalinin narazılığından fəal şəkildə istifadə edirlər. Müxalifət, Ukraynada olduğu kimi siyasi hakimiyyəti satqınlıqda və Rusiyanın maraqlarına xidmət etməkdə günahlandırır. Hadisələr, doğrudan da Ukraynada 10 il əvvəl baş verənləri xatırladır. Kobaxidze öz bəyanatında vurğulayıb ki, Ukrayna “Maydanı” ssenarisi Gürcüstanda təkrarlana bilməz.
Gürcüstan hakimiyyəti yaxın 2- 3 gündə etirazları yatıra bilsə, vəziyyət sabitləşəcək. Lakin bir fakt göz qabağındadır. Ocağın altı yanır və onun alovlanması bu gün olmasa da, bir neçə il sonra baş tuta bilər. Deməli, ocağın özü ilə haqq hesabı aparmaq lazımdır.
Bu hadisələr, bir daha onu göstərir ki, hələ 2003-cü ildə prezident İlham Əliyevin başladığı ideoloji daxili və xarici siyasət bizi hansı bəlalardan qurtardı.
Nigar