“Azad seçkilər və demokratiya uğrunda Beynəlxalq Cəmiyyət” (İSFED), “Beynəlxalq Şəffaflıq-Gürcüstan” (Tİ) və “Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası” Gürcüstan baş nazirinin əhalinin aztəminatlı təbəqəsinin banklara olan kredit borcunun silinməsi barədə qərarını kəskin tənqid ediblər.
AZƏRTAC xəbər verir ki, bu təşkilatlar Gürcüstan hökumətinin qərarını prezident seçkisi öncəsi səslərin satın alınması kimi dəyərləndiriblər və hüquq-mühafizə orqanlarından məsələni araşdırmağı tələb ediblər. QHT-lərin yaydıqları bəyanatda deyilir ki, hökumət bu yolla seçiciləri müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişviliyə səs verməyə sövq edirlər. Onların fikrincə, borcları silinəcək insanların sayı səsvermədə mühüm rol oynayacaq qədər çoxdur. Bildirilir ki, hakim partiyanın yaradıcısı və sədri Bidzina İvanişvili “borcları alan” “Cartu Group”un rəsmi təsisçisi olmasa da bu fondun birbaşa ona bağlılığı ictimaiyyətə bəllidir.
Demokratik təşkilatların fikrincə, borcların silinməsi təkcə seçici sisteminin və ya səsvermənin nəticələrinin saxtalaşdırılmasına deyil, ölkədə demokratiyanın inkişafına da mənfi təsir göstərəcək.
Qeyd edək ki, noyabrın 19-da baş nazir Mamuka Baxtadze hökumətin banklara, kredit təşkilatlarına borcu olan 600 min vətəndaşın borcunu siləcəyini deyib. Bu da təqribən 1,5 milyon lari vəsait edir. Borcları “Cartu” fondu (Cartu Group) alıb. Borcların silinməsinə dekabrın 15-dən başlanılacağı və ayın sonunda başa çatdırılması nəzərdə tutulub. “Cartu” fondunun rəhbərliyi isə bildirib ki, bu məqsədlər üçün hələlik 100 min lari vəsait var.
Ölkənin baş prokurorluğu da mətbuata açıqlama verərək bəyan edib ki, hökumət ilə fond arasındakı razılaşmanı araşdıracaq və cinayət əməli aşkar edilsə müvafiq tədbirlər görüləcək.