“Gürcüstan Azərbaycanın ən önəmli, hətta mən deyərdim ki, həyati əhəmiyyətli tərəfdaşıdır. “
“Gürcüstan Azərbaycanın ən önəmli, hətta mən deyərdim ki, həyati əhəmiyyətli tərəfdaşıdır.”
Bu sözləri TİA.AZ-a açıqlamasında politoloq Şahin Cəfərli Azərbaycan və Gürcüstan dövlətlərarası münasibətlərini şərh edərkən deyib. O, “həyati əhəmiyyətli” sözünü boşuna işlətmədiyini qeyd edib:
“Gürcüstan Azərbaycanın müasir dünyaya, Avropaya çıxış qapısıdır. Əsas ixrac neft və qaz kəmərlərimiz məhz Gürcüstandan keçir. Azərbaycanın həyata keçirdiyi və ya iştirak etdiyi enerji, nəqliyyat layihələrində Gürcüstan vazkeçilməz tranzit məntəqəsidir. Azərbaycan dənizlərə çıxışı olmayan ölkədir və bu ciddi strateji çatışmazlığımızı da əsasən dost Gürcüstan vasitəsilə kompensasiya edirik. Bundan başqa, Naxçıvan Muxtar Republikası istisna olmaqla, Azərbaycanın digər hissəsinin Türkiyə ilə quru əlaqəsi yoxdur və bu vacib əlaqənin təmin olunmasında Gürcüstanın rolu əvəzsizdir. Bütün bu səbəblər eyni zamanda Azərbaycanı da Gürcüstan üçün həyati əhəmiyyətli tərəfdaşa çevirir. Azərbaycan Gürcüstanın 1 saylı ticarət tərəfdaşıdır. Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan həlledici rol oynayır. Gürcüstanın qəbul etdiyi turistlərin içərisində də Azərbaycan vətəndaşları ilk sıradadır. Yəni, hər iki ölkə bir-birinə məhkumdur və ayrılmaz tərəfdaşdır. Təsadüfi deyil ki, iki ölkə arasında siyasi-iqtisadi əlaqələr ötən müddətdə kifayət qədər inkişaf edib və hazırda yüksək səviyyədədir. Son illər isə Türkiyənin də iştirakı ilə üçtərəfli formatda hərbi əlaqələr də inkişaf etməkdədir. Bu, regional təhlükəsizlik baxımından çox vacibdir. Hesab edirəm ki, qarşıdakı dövrdə hərbi sahədə əlaqələrin dərinləşdirilməsi zəruridir. Çünki hər iki ölkə işğala məruz qalıb, bu baxımdan bizi həm də ortaq problem birləşdirir”.
Politoloq hesab edir ki, təhlükəsizliyin təmin olunması sahəsində Azərbaycan və Gürcüstan fərqli siyasət yeridir. Belə ki, Gürcüstan NATO-ya inteqrasiya yolu tutub və bu istiqamətdə ciddi irəliləyişlər əldə edib: “Azərbaycan isə bloklara qoşulmama siyasəti yeridir. (Mövzuya birbaşa aidiyyəti olmasa da, qısaca deyim ki, mən bloklara qoşulmama siyasətinin özünü doğrultmadığını düşünürəm və onu yanlış sayıram.) Lakin təhlükəsizlik siyasətindəki bu fərqli siyasətə baxmayaraq, Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də Türkiyənin iştirakı ilə üçtərəfli formatda hərbi əlaqələri gücləndirməsi önündə hər hansı maneə yoxdur. Bu əlaqələri genişləndirmək və dərinləşdirmək zəruridir. Eyni zamanda, biz gələcəkdə bloklara qoşulmama siyasətindən imtina edərək NATO-ya yaxınlaşma kursu götürsək, Gürcüstanın bu sahədə təcrübəsi bizim üçün çox qiymətli olacaq. Gürcüstanın NATO-ya qoşulması və bu hərbi-siyasi blokun bizim sərhədlərimizə çatması regionda yeni geosiyasi şəraitin formalaşmasına səbəb olacaq və Azərbaycanın önəminin daha da artmasına gətirib çıxaracaq”.
İlahə Cəfərli