Gündə cəmi 15 dəqiqə piyada gəzmək üçün 15 səbəb

Gündə cəmi 15 dəqiqə piyada gəzmək üçün 15 səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Piyada gəzmək sadəcə bir nöqtədən digərinə getmək vasitəsi deyil. O, bundan qat-qat çox şey qazandıra bilər.

Piyada gəzməyin sağlamlığa, əhval-ruhiyyəyə və ümumilikdə həyat keyfiyyətinə saysız faydaları var.

Tribunainfo.az xarici mətbuata istinadən gündə cəmi 15 dəqiqəlik gəzintinin  faydalarını təqdim edir:

1. Əhvalınızı yüksəldir
Xüsusilə açıq havada edilən gəzintilər insanın əhvalını qaldırır. Alimlər də təsdiqləyir ki, piyada gəzmək depressiya ilə mübarizədə təsirli üsuldur.

2. Yaradıcılığı oyadır
İlhamınızı itirmisinizsə və ya yeni ideyanı layihəyə çevirmək istəyirsinizsə, enerjili bir gəzinti kömək edəcək. Hərəkət həm konvergent, həm də divergent düşünməni inkişaf etdirir ki, bu da yaradıcılıqla sıx bağlıdır.

3. Allergiya simptomlarını azaldır
Allergiya mövsümündə evdə qalmaq istəyi güclü ola bilər. Amma araşdırmalar göstərir ki, piyada gəzmək və qaçış burun axması, asqırma və digər əlamətləri yüngülləşdirə bilər.

4. Metabolik sindrom riskini azaldır
Artıq çəki, yüksək qan təzyiqi, şəkərin qalxması – bunların hamısı metabolik sindromun əlamətləridir. Bu isə diabet və ürək-damar xəstəliklərinin xəbərçisidir. Oturaq həyat tərzinin qarşısını almağın ən yaxşı yolu isə sadə aerobik hərəkətlərdir. Enerjili piyada gəzmək bu baxımdan ən əlçatan vasitədir.

5. Ömrü uzadır
Gündəlik piyada gəzinti insan ömrünü orta hesabla 7 il uzada bilər. Daha önəmlisi isə bu illəri sağlam və xoşbəxt keçirmək ehtimalı çox yüksəkdir.

6. Pulunuza qənaət edir
İdman zalı və ya xüsusi avadanlıq olmadan da sağlam qala bilərsiniz. Gəzinti üçün sadəcə rahat ayaqqabı kifayətdir.

7. Gəncliyi qoruyur
Mütəmadi piyada gəzən insanların hüceyrələri həmyaşıdlarına nisbətən daha gənc qalır. Çünki gəzinti xromosomların uclarındakı telomerlərin qısalmasını ləngidir və bioloji yaşı azaldır.

8. Yuxunu normallaşdırır
Piyada gəzən insanlar daha rahat yatır, yuxusuzluqdan və gec yatmaqdan daha az əziyyət çəkirlər. Keyfiyyətli yuxu isə sağlamlığın əsas şərtidir.

9. Stresi azaldır
Stress həm psixoloji, həm də fiziki sağlamlığa ziyan vurur. Qısa bir piyada gəzinti kortizol səviyyəsini tənzimləyir, zehninizi sakitləşdirir.

10. Beyin fəaliyyətini gücləndirir
Piyada gəzmək yaddaşı, öyrənmə bacarıqlarını və diqqəti artırır. Hətta demensiya və Altsheymer xəstəliyinin riskini azaldır.

11. Ağrıları yüngülləşdirir
Xroniki ağrısı olan insanlar gəzintidən çəkinə bilərlər. Halbuki alimlər sübut edib ki, mütəmadi piyada gəzmək həm qısa, həm də uzunmüddətli dövrdə ağrını azaldır və onunla yaşamağı asanlaşdırır.

12. Sümükləri möhkəmləndirir
Piyada gəzmək sümüklərin sıxlığını artırır, osteoporoz və onurğa problemlərinin qarşısını almağa kömək edir.

13. Göz sağlamlığını qoruyur
Yaş artdıqca görmə zəifləyir. Amma mütəmadi aerobik hərəkətlər – o cümlədən gəzinti – gözlərin sağlam qalma müddətini uzadır və torlu qişanın degenerasiyasının qarşısını alır.

14. Yaxınlarla vaxt keçirməyə sövq edir
Tək gəzintinin faydası çoxdur, amma yaxınlarla birlikdə piyada gəzmək həm sağlamlıq, həm də ünsiyyət üçün əvəzsiz fürsətdir.

15. Xəstəliklərin qarşısını alır
Həkimlər fiziki aktivliyi “möcüzəvi dərman” adlandırır. O, xərçəng, ürək, ağciyər və şəkər xəstəliyinin riskini azaldır. Gəzinti isə pulsuzdur, resept tələb etmir və heç bir yan təsiri yoxdur.

İmran Kərimli