Keçmiş müdirini öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Vüsal Novruzov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məlum qətl hadisəsi bu il may ayının 24-də Sumqayıtda baş verib. Şəhər sakini, 1979-cu il təvəllüdlü Vüqar Ənvər oğlu Quliyev öz işçisi V.Novruzov tərəfindən bıçaqlanıb. V.Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, mərhum V.Quliyev Sumqayıtda gül biznesi ilə məşğul olub və onun şəhərin bir neçə yerində gül dükanı var.
O, Sumqayıtda “Gül Vüqar” kimi tanınıb.
İttihama münasibət bildirən Vüsal Novruzov özünü təqsirli bilməyib. O, məhkəmədə sərbəst ifadə verərək müdüri Vüqar Quliyevi öldürmək niyyətinin olmadığını deyib: “Onunla münasibətimiz çox yaxşı olub. Sadəcə son zamanlar alış-vermiş zəif idi. Gələn müştərilərə qarşı kobudluq eləməmişəm. Həmin gün işim olduğu üçün həmin müştərini yola sala bilmədim. O da zəng edib Vüqara deyib. Vüqar da mənə zəng elədi ki, sən ora “borzuluq” eləməyə gəlmisən?. Onun sözü xoşuma gəlmədi. Dedim ki, axşam gəl görüşək, danışaq. Amma mənə qarşı hörmətsizlik elədi, mağazaya da gəlmədi. Yenidən zəng elədim, axşam parka görüşək dedim. Vüqar mənə qarşı aqressiv idi. Onunla danışmaq istədim. Amma dedi ki, nə demişəm, yaxşı eləmişəm. Bu da məni əsəbləşdirdi. Mən həmişə Vüqarın hörmətini saxlamışam”.
Təqsirləndirilən şəxs ifadəsinin davamında qeyd edib ki, Vüqar onu söyüb: “Dedi ki, mənimlə söhbət edən adamın varını, yoxunu belə-belə edərəm. Çiynimdən də vurdu. Mən də bu söyüşə görə onu vurdum”.
Səlcuq Elçin