Parisin mərkəzindəki qalereyada günün günorta çağında, dəyəri 425 min avro olan heykəl oğurlanıb
Parisin mərkəzindəki qalereyada günün günorta çağında, dəyəri 425 min avro olan heykəl oğurlanıb. Bu barədə lenta.ru “The Local”a istinadən xəbər verir. Oğurluq hadisəsi Bartu qalereyasında, prezident sarayı olan küçədə baş verib.
Gözətçilər oğurluq hadisəsini bir neçə saat sonra, qalereyanı gecə saatlarında bağlayanda fərq ediblər. Videoyazıda görünür ki, kolumbiyalı rəssam Fernando Boteronun məşhur əsərlərindən biri naməlum saqqallı bir kişinin diqqətini cəlb edib. İstintaqa yaxın olan mənbə “Daily Mail”ə açıqlamasında bildirib ki, oğru bir neçə dəfə heykəlin ətrafında fırlanıb, ona diqqətlə baxıb və sonda kiçikhəcmli heykəli cəlg hərəkətlə götürərək, gödəkçəsinin altına qoyub. Qalereyada təhlükəsizlik keçidi yoxdur. Bu baxımdan da oradan çıxan ziyarətçilər çıxışda yoxlanılmır. Oğurlanan heykəl “Analıq” adlanır və qucağında körpəsi olan çılpaq qadını əks etdirir. “Analıq”ın 8 varantı mövcuddur, onların hər biri ölçülərinə görə bir-birindən fərqlənir. Parisdə saxlanılan versiyanın uzunluğu 58 santimetr, çəkisi isə 10 kiloqramdır.
Oğrunun axtarışına polis də qoşulub. Qalereyanın nümayəndəsi deyib ki, bu, əsl faciədir. Onlar ümid edirlər ki, heykəli geri ala biləcəklər.
Musavat.com