Gəncə Apellaysiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan sədr müavini Gözəl Bayramlın apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
APA-nın məlumatına görə, ilkin baxış iclasında G. Bayramlının vəkili bir sıra vəsatətlər verib. Lakin məhkəmə vəsatətləri təmin etməyib.
Məhkəmənin baxış iclası martın 12-nə təyin edilib.Xatırladaq ki, DSX-nin yaydığı məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində DGK-nin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Gözəl Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.
Faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.
G. Bayramlı Qazax rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayətində onun barəsində bəraət hökmün çıxarılması istənilib.
G. Bayramlı ittihamları qəbul etmir.