Ötən gün axşam saatlarından başlayaraq Göyçay, İsmayıllı, Qəbələ rayonlarına yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin dəfələrlə artmasına səbəb olub.
TİA.AZ xəbər verir ki, çayda suyun çoxluğu səbəbindən Göyçay şəhəri, Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün təhlükə yaranıb. Sel suları çay yatağının genişlənməsinə səbəb olub, ətrafdakı torpaq qatını yuyaraq aparıb, əkin sahələri, meyvə bağları yararsız hala düşüb.
Sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ciddi ziyan vurub. Bu gün saat 13 radələrində selin təsiri nəticəsində çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü dağılaraq yararsız hala düşüb. Körpünün altındakı beton plitələri və mühafizə bəndini sel yuyaraq aparıb. Hazırda güclü sel davam edir və avtomobil körpüsü də dağılmaq təhlükəsi ilə üzləşib.
Polis əməkdaşları hadisə yerindədir.
***
Çökmə təhlükəsi ilə üzləşmiş Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.
Körpünün üzərindən nəqliyyat vasitələrinin keçməsinə icazə verilmir. Hələ ki körpüdən insanların fərdi şəkildə istifadəsinə qadağa qoyulmayıb.
Körpüdə hərəkətin dayanması ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistralında böyük tıxac yaranıb. Minlərlə avtomobil yolda qalıb.
Hazırda Göyçay çayında sel davam edir. Körpünün dağılma təhlükəsi var.
***
Hələ də yol açılmayıb. Göyçay şəhərinin bir hissəsində yaşayan insanların və rayonun 30-dan çox kəndinin əhalisinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Selin təsiri nəticəsində çayın üzərindən keçən təbii qaz, elektrik, rabitə və içməli su xətləri qırılıb. Kəndlərə qaz verilişi dayanıb. Hazırda FHN-nin, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları, rayon fövqəladə hallar komissiyasının nümayəndələri hadisə yerindədir.
Körpünün hər an dağılmaq təhlükəsi artdığı üçün 7 saatdır ki, körpüdən nəqliyyatın keçidi tam dayandırılıb, bu səbəbdən böyük tıxac yaranıb. Təhlükə artdığı üçün bu dəqiqələrdə körpüdən insanların piyada keçidinə də qadağa qoyulub. Hər iki tərəfdə polis mühafizəsi gücləndirilib. İnsanların körpüyə yaxınlaşmaması üçün tədbirlər görülür.
Sel fəlakəti səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolundan istifadə edən sürücülər hazırda alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər.