GÖYÇAY İCRA BAŞÇISI QAZİNİ EVSİZ QOYUB – ŞİKAYƏT(VİDEO)

GÖYÇAY İCRA BAŞÇISI QAZİNİ EVSİZ QOYUB – ŞİKAYƏT(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən Göyçay rayon sakini Şamilov Şahmar Qərib oğlu 1-ci Qarabağ müharibəsi iştirakçısıyam. Həyat yoldaşım il yarım öncə xərçəng xəstəliyindən vəfat edib. Himayəmdə iki azyaşlı yetim övladım var. Uzun illərdir ki, kirayələrdə qalırıq. Dəfələrlə sabiq icra başçılarının qəbulunda olmuşam. Heç kim dərdimizə əlac etməyib. Nəhayət, Natiq Ağayev Göyçay Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olundu. Camaat arasında söz-söhbət gəzirdi ki, yeni başçı çox yaxşı insandır, hamının şikayəti ilə yaxından maraqlanaraq əlindən gələn köməkliyi edir. Mən də öz növbəmdə onun qəbuluna getdim. Deyilənlərin tam əksinə şahid oldum. O, mənə bildirdi ki, icra hakimiyyətində vətəndaşları fərdi evlə təmin etmək üçün vəsait yoxdur.

Tribunainfo.az xəbər verir ki, bu sözlərlə saytımıza müraciət edən qazi Şahmar Şamilov qeyd edib ki, icra başçısından yeni mənzil deyil, övladları ilə birgə yaşamaq üçün kiçik bir sığınacaq istəyib:

“Bu minvalla, nə az, nə çox, ümumilikdə üç dəfə onun qəbulunda oldum. Həqiqətən də Mehdi Səlimzadənin zamanını xatırladım. Baxmayaraq ki, o da köməklik göstərməmişdi. Ancaq ən azından tabeçiliyində olan əməkdaşlara köməklik göstərilməsi üçün tapşırıq vermişdi. Necə deyərlər: Yağmasa da guruldamışdı. Natiq Ağayev isə tamamilə laqeyd yanaşdı. Onun vətəndaşla olan münasibətini hər xatırlayanda, Mehdi Səlimzadənin ölənlərinə rəhmət oxuyuram. Hansıki, istəsəydi, bizə yardım edərdi. Çünki nə qalmağa evimiz, nə də işim var. Məsələn, Göyçay “Şəhər Təsərrüfatı Birliyi”ndə sosial işlər mövcuddur. İki yetim balam isə məmur özbaşınalığı ücbatından qarın dolusu çörəyə belə həsrətdir. Hazırda kirayə qaldığımız mənzilin sahibi tezliklə buranı boşaltmağımızı tələb edib. Bu gün icra başçısı mənə “Nəyimə gərəkdir, get işlə, uşaqlarına bax”, – deyir. Sabah gələcəklər ki, oğlunu ver, əsgər aparırıq”.

Müharibə iştirakçısı, qazi Ş.Şamilov mətbuat vasitəsilə ölkə rəhbərliyinə də müraciət edərək bildirib ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevdən onlara kömək və dəstək yoxdur:

“Sizdən çox xahiş edirəm, bizim sığınacağa yerləşdirilməyimiz və mənim sosial işlə təmin olunmağım üçün köməklik göstərəsiniz”.