Qrenlandiyanın Baş naziri Mute Bourup Egede ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüşmədiyini, lakin belə bir görüş üçün hazır olduğunu bildirib.
Egede ölkəsinin amerikalılar tərəfindən dünyalarının bir parçası olaraq görüldüyünü ifadə edərək, “Qrenlandiya Qrenlandiya xalqına aiddir. Biz danimarkalı və ya amerikalı olmaq istəmirik. Biz qrenlandiyalı olmaq istəyirik”,-deyə bildirib.
Danimarkanın Baş naziri Mette Frederiksen müstəqillik istəyini qanuni və anlaşılan adlandırıb, lakin ABŞ-ın marağını müsbət qiymətləndirib. Eyni zamanda, Baş nazir Qrenlandiyanı krallığın tərkibində saxlamaq istədiyini vurğulayıb. Frederiksen qeyd edib ki, Qrenlandiya satış üçün deyil, lakin Danimarka resursların inkişafında ABŞ ilə əməkdaşlığa hazırdır. O, həmçinin adanın müdafiəsinə az sərmayə qoyulduğunu etiraf edib.
Çinin Qrenlandiyanın infrastrukturuna investisiya yatırmaq cəhdləri ABŞ və Danimarka tərəfindən əngəllənib.
Xarici siyasət və təhlükəsizlik istisna olmaqla, bütün məsələlərdə muxtariyyətə malik olan Qrenlandiya uzun müddətdir ki, müstəqillik istəyir, lakin iqtisadi çətinliklərlə üzləşir.
Qeyd edək ki, 20 yanvardan etibarən ABŞ-də preziedntlik səlahiyyətlərinin icrasına başlayacaq Tramp “Truth Social” hesabında Qrenlandiyanın ölkəsinin nəzarəti altında olması barədə əvvəlki istəyini təkrarlayıb və adaya nəzarətin özləri üçün mütləq zərurət olduğunu bildirib. Trampın sözləri Qrenlandiya rəsmilərinin qəzəbinə səbəb olub.