Sumqayıt Apellyasiya Məhkəməsində Rüşvət müqabilində qanunsuz olaraq avtomobil idxalını həyata keçirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Tranzit Şöbəsinin rəisi Anar Aslanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Aslanov 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırlatma: Anar Aslanovun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat daxil olub. Məlum olub ki, Anar Aslanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı şəxslərdən aldığı külli miqdarda rüşvət müqabilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 800-dən artıq avtomobilin qanunsuz şəkildə rəsmiləşdirməsinə şərait yaradıb. 2023-cü ildə keçirilən əməliyyat zamanı Anar Aslanov saxlanılıb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.2. (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilib.