Uzun illərdir ki, Azərbaycanda “Gucci”, “Dolce & Gabanna”, “Brioni”, “Armani” və bu seqmentdən olan bir çox adda dünyaca məşhur markaların kontrafakt məhsulları satılır.
Bəzən bu markaların adını daşıyan mallar “İnstagram”da, “Tik-Tok”da “ucuzluq” adı ilə 10 manatdan başlayan qiymətlərlə istehlakçılara təklif olunur.
Xüsusən Çində istehsal olunan pirat və kontrafakt məhsulların Azərbaycana gətirilməsi və bazarlarda satışa çıxarılması heç kimdə təəccüb doğurmur. Əslində isə, bu hal əqli mülkiyyət hüququnun pozulması və eyni zamanda Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti yaradan haldır.
Ötən gün isə Dövlət Gömrük Komitəsi yeni bir açıqlama yayaraq bu kimi halların qarşısını almaq üçün ciddi tədbirlər görüləcəyini elan edib.
Komitə rəsmi məlumatında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən pirat və kontrafakt məhsulların idxalının (ixracının) qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş tədbirlər həyata keçirəcəyini açıqlayıb: “Gömrük Məcəlləsinin 287.1-ci maddəsinə əsasən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların pirat və ya kontrafakt olması əlamətləri aşkar edildikdə gömrük orqanları həmin malların buraxılışını dayandırmaq hüququna malikdirlər.
Dövlət Gömrük Komitəsi həmçinin bildirir ki, tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallardan qanunsuz istifadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti yaradır”.

Bəs, Gömrük Komitəsi illərdir müxtəlif ticarət mərkəzlərində və mağazalarda açıq şəkildə satılan, indi isə sosial şəbəkələrdə ucuz qiymətlərə təklif edilən “Gucci”, “Dolce & Gabanna”, “Armani” kimi pirat və ya kontrafakt məhsulların idxalının (ixracının) qarşısını ala biləcəkmi? İstehlakçılar növbəti mövsümdə mağazalarda və sosial şəbəkələrdə bu məhsulların satışı ilə qarşılaşacaqmı?
Mözvu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev piratçılıqla mübarizənin bütün dünyada getdiyini deyib:

“Onların istifadəsi daha çox geyimlərdə, saatlarda, elektron cizahlarda olur. Saxta məhsulları istehsal edən ölkələr Çin, Malaziya, İndoneziya, Tayland, Filippin kimi ölkələr, eyni zamanda Tükiyənin bəzi şirkətləri bu işlə məşğuldurlar. Adını tanınmış şirkətə oxşar qoyub, geyim, ayaqqabı satırlar. Təbii ki, nə qanunla, nə də məntiqlə düz gəlmir. Təbii ki, bu məhsulların gətirilməsi məsuliyyət yaradır. Təsəvvür edin ki, siz məhşur brend adı altında çanta alırsınız, ancaq bu keyfiyyətsiz çıxır. Ona görə düşünürəm ki, piratçılıqla mübarizə getməlidir. Qeyd etmək istərdim ki, bu vəziyyət spirtli içkilərdə də daha rast gəlinir. Keyfiyyətsiz qida da, geyim də insanlar üçün olduqca təhlükəlidir. Bu mübarizəni aparmaq lazımdır. Ancaq nəticəsi olacaq, olmayacaq bunu demək çətin məsələdir”.
İqtisadçı ekspert Natiq Cəfərli isə millət vəkilindən fərqli olaraq Dövlət Gömrük Komitəsinin piratçılığa qarşı mübarizəsinin ciddi nəticələrlə nəticələnməyəcəyini bildirib.

“İlk dəfə deyil, zaman-zaman rəsmi qurumlardan belə açıqlamalar olur. Saxta məhsulların bazardan yığışdırılması ilə bağlı addımlar atılır. Ancaq bir müddət sonra sanki hər şey yaddan çıxır, hər şey öz köhnə variantına qayıdır. Buna qarşı mübarizə aparmaq çox çətindir. Məncə, Gömrük Komitəsinin mübarizəsi ciddi bir effekt verməyəcək. Çünki burada elə məhsullar olur ki, onların sənədləri tam qaydasında olur. Gömrüyün ixtiyarı da yoxdur onları saxlamağa. Amma ekspertiza rəyləri əsasında həmin malların saxta olduğu üzə çıxa bilər. Hər dəfə əgər Gömrük Komitəsi ekspertiza rəyi üçün müraciət edəcəksə bu məhsulların uzun zaman gömrükdə qalmasına, iş adamlarına ciddi qiymətə başa gələ bilər. Bu da gələcəkdə qiymət artımın əsasını yarada bilər”.
Natiq Cəfərli hesab edir ki, kampaniya xarakterli müəyyən addımlar atıla bilər, ancaq davamlı olacağı inandırıcı deyil:
“Bununla mübarizə aparmaq həddindən artıq çətindir. Zaman-zaman bu kampaniyaların bir müddətdən sonra dayandığının şahidi oluruq. Ona görə də düşünürəm ki, sərt mexanizm yaradılmağa cəhd olunsa da, bir müddət sonra yaddan çıxacaq. Çünki bu iş adamlarına əngəl, zaman aparan prosesdir. Bir çox ölkələrdə örnəyini görmüşük. Mübarizə sərtləşir, ancaq bir müddət sonra qarşısını almaq olmur”.