Ötən gün qaçaqmalçılıq ittihamı ilə üç əməkdaşı həbs olunan Dövlət Gömrük Komitəsi (DGK) bu gün yeni tenderinin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, yeni tenderə əsasən Komitənin Avtomobil Nəqliyyat İdarəısi parkında olan avtomobillərin texniki qulluğu və təmir işlərini həyata keçirəcək.
Rəsmi qaynaqlarda göstərilir ki, sözügedən idarə “İDEAL MOTORS” MMC ilə satınalma müqaviləsi bağlayıb. Müqavilənin dəyəri isə 749.966,87 manat təşkil edir.
Bildirək ki, satınalma müqaviləsində əsasən komitə avtomobillərinə 5000-ə yaxın xidmətin göstərilməsini qeyd edilib. Bunun neçə ədəd maşını əhatə etməsi barədə konkret bilgi olmasa da, aydın olan odur ki, ayrılmış məbləğ həddindən artıq çoxdur. Əgər bəsit bir hersablama ilə bir maşına texniki qulluq və təmir üçün 1000-1200 manat lazım gələrsə (bu məbləğin özü belə çoxdur-red.), o zaman bu, DGK-nın təkcə bir idarəsində 750-800 avtomobilin olması deməkdir. Ki, bunun özü də inandırıcı deyil.
O zaman bu tenderin özünə müəyyən şübhələr yaranır ki, bu qədər vəsait niyə ayrılıb? Onun hansı şəkildə xərclənəcəyi isə bir ayrı mövzudur. Çünki DGK-nın satınalma müqaviləsi bağladığı “İdeal Motors” şirkəti haqqında internet resurslarında kifayət qədər neqativ məlumatlar var. Buraya keyfiyyətsiz xidmətdən tutmuş, vergidən yayınmaya qədər hər şey daxildlir. Elə bunun özü də araşdırma mövzusudur ki, DGK reputasiyası heç də yaxşı olmayan bir şirkətin tenderin qalibi olmasına niyə imkan verib?
Bəzi müşahidəçilər yarı zarafat, yarı ciddi deyirlər ki, DGK bu qədər pula maşınlarını təmir etdirmək yerinə, parkındakı maşınların hamısı satıb, üzərində 750 min manatı da qoysa, elə həmin sayda yeni maşın ala bilər.