Göbələk zəhərlənməsindən necə qorunaq? – Mütəxəssis Şəbnəm Əsədovanın rəyibackend

Göbələk zəhərlənməsindən necə qorunaq? – Mütəxəssis Şəbnəm Əsədovanın rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər göbələkdən zəhərlənmə və ölüm faktları qeydə alınır. Bu da ciddi narahatlığa səbəb olub.  ADPU-nun Kimya və Biologiya fakültəsinin dosenti, b.ü.f.d  Şəbnəm Əsədovanın Tribunainfo.az-a bildirdiyinə görə, göbələklər təbiətdə müxtəlif ekosistemlərdə geniş yayılmış və müxtəlif qida mənbələrinə (substratlara) uyğunlaşaraq özünəməxsusluğu ilə səciyyələnən ekoloji qruplar yaradır. Göbələklər təbii qida və dərman mənbəyi hesab olunur. Böyümə sürətinə, qısa zaman müddətində əmələ gətirdiyi biokütlənin (mitseli və meyvə cismi formasında) miqdarına görə göbələklər həm heyvanlarla,həm də bitkilərlə müqayisədə yüksək göstəricilərə malikdirlər . Bu da ildən ilə onlardan istifadənin həm kəmiyyətcə, həm də keyfiyyətcə genişlənməsinə səbəb olur. Bu canlıların qida məhsulu kimi istifadənin qədim tarixi məlumdur. Yeməli göbələklərin qida məhsulu kimi əhəmiyyəti onların kimyəvi tərkibi və faydası ilə müəyyən edilir. Təzə halda olan yeməli göbələklərin kimyəvi tərkibi orta hesabla 90 % su, quru çəkisinin 30-40 %-i zülal, 10-15 %-i karbohidrat, 1-2 %-i isə yağlardan ibarətdir”.
Ş.Əsədova deyir ki, göbələklərin toplanması xüsusi diqqət tələb edir: “Çünki onların çoxu təbii şəraitdə bir-birinin arxasında “gizlənir”. Tanış olmayan nümunələrin toplanması son dərəcə təhlükəlidir, çünki göbələklərlə qida zəhərlənməsi ən ağır hallardan biridir. Zəhərli göbələklər təbiətdə geniş yayılıb və onların çoxu yemək üçün təhlükəli ola bilər”.
“Bəs, zəhərli göbələklər hansılardır və onları necə tanıya bilərik?” sualına cavab verən mütəxəssis qeyd edir ki, Azərbaycanda rast gəlinən yeməli göbələklərə adi şampinyon (Agaricus campestris), yay boletusu (Boletus aestivalis), çıxıntılı boletus (B.appendiculatus), ağ göbələk (B. edulis), çəhrayı südlücə (Lactarius torminalis), narıncı südlücə (L. deliciosus), palıd südlücəsi (L. İnsulsus), sarı yağlıca (Suillus luteus) və digərlərini misal göstərmək olar: “Həmçinin, quzuqarnı (Morchella conica, M. esculenta) adlandırılan insanlar tərəfindən ən çox istifadə olunan və toplanan göbələklərdir. Zəhərli göbələkələrə isə yalançı sarıca, öd göbələy,şeytan göbələyi, qırmızı amanita (Amanita muscaria), yaşıl amanita (Amanita phalloides)və.b. nı aid etmək olar.Respublikamızda yetişən ən zəhərli göbələk Amanita cinsinə məxsus solğun əzvaydır. Bu göbələyin kiçik bir hissəsinin yeyilməsi belə ölümə səbəb ola bilər. Göbələk papağının süngər quruluşunun yeməli göbələklərin fərqləndirilməsində etibarlı əlaməti hesab edilməsi təklif olunur. Borulu göbələklər bu xüsusiyyətə malikdirlər . Yeməli göbələklərin yalançı növmüxtəlifliyi , zəhərli növlərdə olduğu kimi lövhəli papaq quruluşuna(papağın alt hissəsi) malikdir.Bir neçə növ istisna olmaqla, demək olar ki, bütün borulu göbələklər yeməli olur.Belə bir göbələyin gövdəsi adətən həmişə mərkəzi , möhkəm, qalınlaşmış və qırılmazdır”.
Ş.Əsədovanın sözlərinə görə, zəhərli göbələklər adətən parlaq və cəlbedici rənglərdə (məsələn, qırmızı, narıncı, yaşıl və ya mavi çalarlı) , papaqıarı isə günbəz formalı və üstü yapışqan olur: “Bəzi zəhərli göbələklərin papağın altında üzük kimi strukturlar və ya torlu pərdə (Məsələn, Amanita phalloides-növündə pərdəsi )olur . İnsanlar bəzən gənc, kiçik göbələklərin zəhərli olsalar da təhlükəsiz olduğuna inanırlar və yalnız göbələk böyüdükcə insan həyat üçün təhlükəli maddələr toplandığını düşünürlərsə yanılırlar. Əslində, zəhərli və parazit kimi təsnif edilən hər hansı bir göbələk, böyümə mərhələlərindən asılı olmayaraq yeyilməməlidir. Yalnız yeməli göbələk növlərinin xoş dadı və ətrinin olduğuna dair fikirlər olsa əslində, zəhərli nümayəndələr oxşar keyfiyyətlərə malik ola bilər. Yeyilməyə yararsız olan göbələklərin rast gəlindiyi ərazidə torpaqda qurdlara təsadüf olunmaması və bütün zəhərli göbələklərin xoşagəlməz bir qoxuya malik olması versiyası da səhvdir. İstiliklə(bişirildikdə ) təsir etdikdə belə göbələklərin toksinlərdən təmizləyə biləcəyinə ümid etməməlisiniz. Zəhərlənməyə səbəb olan bəzi maddələr yüksək temperatura çox davamlıdır. Yemək üçün uyğun olan göbələkləri yalnız xarici əlamətlərlə müəyyən etmək lazımdır”.
Ş.Əsədova xəbərdar edir ki, göbələk zəhərlənməsinin ilk simptomları ürəkbulanma, qusma, ishal və qarın ağrısıdır: “İnsan zəifləyir, dərisi solğunlaşır. Başgicəllənmə və nəfəs darlığı hiss oluna bilər.Zəhərlənmənin müddəti göbələklər tərəfindən sintez olunan toksinlərin növü və miqdarından asılıdır. Zəhərli göbələklərdə olan toksinlər qaraciyər hüceyrələrini, böyrək hüceyrələrini, limfositləri və enterositləri məhv edir. Bu zaman qaraciyərdə kiçik nekrotik ocaqlar əmələ gətirərək toksinin təsirinə reaksiya verir. Göbələk zəhərlənməsinə görə nefropatiya, hepatopatiya və qastroenterit yarana bilər. Kəskin göbələk zəhərlənməsi halında insan komaya düşə bilər. Ekoloji cəhətdən əlverişsiz ərazilərdə yetişən göbələklər özlərində külli miqdarda toksiki ağır metallar, kanserogen maddələr, avtomobil yanacaqlarının natamam yanma məhsullarını toplayırlar. Avropanın bir çox ölkələrində təbii şəraitdə toplanan göbələklərin istifadəsinə qadağa qoyulub və yalnız xüsusi təsərüfat müəssisələrində yetişdirilməsinə icazə verilir.
Ekspert onu da əlavə edir ki, yeməli göbələklərə zəhərli göbələklərin qarışması belə, zəhərlənməyə yol aça bilir: “Ona görə də, yol kənarlarında açıq satılan deyil, qablaşdırılmış məhsullara üstünlük verilməlidir. Qablaşdırılmış məhsulu alarkən isə etiket məlumatlarına diqqət yetirilməlidir . Çünki yeməli göbələklər də bəzən zəhərlənməyə səbəb olur. Bu da məhsulun yararlılıq müddəti ötdükdə, düzgün şəraitdə(məsələn,yüksk hərarətdə) saxlanmadıqda baş verir. Göbələklərdən hazırlanmış yeməklərin də düzgün şəraitdə saxlanması vacib şərtdir. Göbələklərdən zəhərlənməyə şübhə yarandığı halda, dərhal həkimə müraciət etmək lazımdır.
Göbələklər yığarkən və yeməyə qərar verməzdən əvvəl mütəxəssislərin məsləhətindən istifadə etmək vacibdir. Çünki bu canlıların oxşar olan növlər çoxdur və yalnız təcrübəli mikoloqların verdiyi məsləhətlərə əsasən hərəkət etmək ən etibarlı yoldur”.