GİLAS ALA BİLMƏYƏN, YETİMÇİLİKLƏ DOLANAN, PULU GÖZÜMÜZƏ BATAN DEPUTATLAR – SOSİAL ŞƏBƏKƏLƏR NƏ YAZIR?backend

GİLAS ALA BİLMƏYƏN, YETİMÇİLİKLƏ DOLANAN, PULU GÖZÜMÜZƏ BATAN DEPUTATLAR – SOSİAL ŞƏBƏKƏLƏR NƏ YAZIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maaşları 43 faiz, yəni 900 manat artan deputatlar özlərinə bəraət qazandırmaq üçün son iki gündə sözün əsl mənasında performans, şou göstərir və ağıla gəlməyən açıqlamalar verirlər. TİA.Az xəbər verir ki, onlardan biri Fəzail Ağamalı oldu. Hörmətli deputat elə “gül” vurdu ki, dillərdə dastana çevrildi və bu gün də sosial şəbəkələr ondan sitat gətirir. F. Ağamalı nə desə yaxşıdır, aldığı maaş yüksək olsa da, gilas almağa pulu çatmır. Hər iki söz daban-dabana ziddir, əgər maaş yüksəkdirsə, necə gilas ala bilməyəsən?! Axı kilosu 3-4, ən yuxarısı 6 manatdır. Yəni deputat doğurdanmı gilas ala bilmir? Nə üçün bizim millət vəkilləri özlərini güldürür, təəccübləndirən açıqlamalar verirlər? Üstəlik, Fəzail Ağamalı kimi təcrübəli siyasətçi… Bəlkə də xalqı nəzərdə tutub, amma deyə bilərdi ki, əhali gilas ala bilmir, bahadır.

Yəni absurd bir çıxış indiyədək sosial mediada məsxərəyə qoyulmaqdadır. Sanki deputatlar maaş artımı ilə bağlı susmaq əvəzinə əhalini ələ salmağı hesablayıblar. Onun ardınca biznesmen deputat Rüfət Quliyev maaş artımına haqq qazandırdı. Dedi ki, digər ölkələrə baxanda bizim deputatlar orta maaş alır, artması normaldır. Yəni heç biri xalqın gəlirlərini artırmaq haqda bir təkliflə çıxış etmir. Amma həm də millətin vəkili statusu daşıyırlar.

Bu mövzuda Aqil Abbas həmkarlarını tam üstələdi. Deputat dedi ki, bizim maaşımız hamının gözünə batır. Halbuki Aqil Abbas həmişə düz sözü deyən olub, xalqın maraqlarından pis-yaxşı çıxış edib, ancaq bu dəfə xalqı qıcıqlandırdı. Aqil müəllim, sizin pul heç kəsin gözünə girmir, sadəcə, xalq haqlı olaraq soruşur – bu deputatlar nə iş görüb ki ayına azı 7500 manat maaş alacaq? Axı sadə insanlar aya 400-500 manatla bu bahalıqda birtəhər dolanmaq yox, sürünür, amma siz 7-8 min maaş alacaqsız. Necə olur ki, özlərinə gələndə xərcləri çox olur, bunu bəhanə gətirib məvaciblərini az qala 10 dəfə qaldırırlar, xalqa çatanda isə 9 manatı da çox görürlər. Dünəndən deputatxana üzvlərinin acı gülüş doğuran reaksiyalarını ikrahla izləməmək mümkün deyil – biri deyir ki, bizim maaşımız artanda hamının gözü batır, hətta yetimçiliklə dolanan deputatlarımız var, bir başqası danışır ki, ancaq deputatın maaşı qalxanda görürlər…

TİA.Az