Növbəti dəfə həkimə gedəndə, sənə sadəcə “gündəlik gəzmək” məsləhəti verməsinə təəccüblənmə. Çünki bir yaşından bəri etdiyin bu sadə fəaliyyət artıq həkimlər tərəfindən “möcüzə dərmanına ən yaxın vərdiş” adlandırılır.
Hər cür fiziki aktivlik sağlamlığa faydalıdır, amma xüsusilə gəzintinin çox sayda üstünlüyü var. Tribuna xarici mətbuata istinadən sizi təəccübləndirə biləcək 5 faydanı təqdim edir:
1. Çəkini artıran genlərin təsirini azaldır
Harvard tədqiqatçıları 12 min nəfərdən çox insanı araşdırıb. Gündə təxminən 1 saat sürətli gəzən insanlarda kökəlməyə səbəb olan genlərin təsiri yarıbayarı azalır.
2. Şirniyyat istəyini azaldır
Exeter Universitetinin araşdırmaları sübut edib ki, 15 dəqiqəlik gəzinti şokolad həvəsini azaldır. Hətta stress zamanı şokolad və digər şəkərli şeyləri yemə ehtimalını da aşağı salır.
3. Süd vəzi xərçəngi riskini azaldır
Amerika Xərçəng Cəmiyyətinin araşdırmasına görə, həftədə 7 saat və daha çox gəzən qadınlarda süd vəzi xərçəngi riski, həftədə 3 saatdan az gəzənlərlə müqayisədə 14% daha aşağıdır. Bu təsir artıq çəkisi olan və hormon preparatları qəbul edən qadınlarda da müşahidə olunub.
4. Oynaq ağrılarını yüngülləşdirir
Araşdırmalar göstərir ki, gəzinti artritlə bağlı ağrıları azaldır və həftəlik 8–10 km gəzinti artritin qarşısını almağa kömək edir. Gəzinti diz və omba oynaqlarını qoruyur, onları yağlayır və ətraf əzələləri gücləndirir.
5. İmmuniteti gücləndirir
Gündə 20 dəqiqə, həftədə isə 5 gün gəzən insanlarda xəstələnmə halları 43% daha azdır. Xəstələnsələr belə, daha tez sağalır və simptomları daha yüngül keçir.
İmran Kərimli










