Tiflisdə Kür çayından meyiti tapılan 40 gündür axtarışda olan 21 yaşlı Aytac Məmmədovanı rəfiqəsinin ad gününə anası göndəribmiş.
Tribunainfo.az xəbər verir ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini olan Aytac Məmmədova aprelin 1-də Tiflisdə itkin düşüb. Aytac Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsi olub və təhsili ilə əlaqədar Tiflisdə yaşayırmış. Hadisə günü rəfiqəsinin ad günü olub və Aytac ora getmək istəməyib. Lakin telefon danışığı zamanı anası ona ad günə getməsini bildirib. Bu barədə ana özü “Baku TV”yə açıqlamasında bildirib. Ana Elza Omarova qeyd edib ki, qızı ona sonuncu dəfə ad günündən çıxanda səs atıb:
“Rəfiqəsinin ad gününə getmək istəmirdi. Özüm göndərdim ki, gedib bir az dincəlsin. Əlaqə saxlayırdım. Sonuncu dəfə gecə səsyazısı göndərdi. “Gecən xeyrə qalsın. Səni öpürəm, heç nəyə üzülmə, sən yaxşı şeylərə layiqsən”, – deyirdi. Bir dəqiqə keçməmiş zəng edəndə, cavab vermədi”.
1 aprel tarixindən itkin düşən Aytacın axtarışları davam etdirilir. Ötən gün axtarışlar zamanı Ortaçala SES yaxınlığında naməlum qadın meyiti aşkarlanıb. Tibbi ekspertiza nəticəsində onun Qardabani rayonunun Kosalı kəndindən olan 21 yaşlı Aytac Məmmədova olduğu məlum olub.
Həmçinin Tiflisdə Kür çayının suyunun azaldılmasından sonra aparılan axtarışlar nəticəsində daha bir naməlum meyit aşkarlanıb.
Bildirilib ki, axtarışlar nəticəsində mayın 14-də baş vermiş avtomobil qəzası ilə əlaqəli olmayan daha bir meyit aşkarlanıb. Xilasedicilər çaya düşmüş avtomobilin 2 sərnişinin meyitlərini də tapıblar.
Nigar İxtiyarqızı