Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşları Avstriyanın paytaxtı Vyanada Avropa Geoloji Elmlər İttifaqının Baş Assambleyasının illik iclasında iştirak ediblər.
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşları Avstriyanın paytaxtı Vyanada Avropa Geoloji Elmlər İttifaqının Baş Assambleyasının illik iclasında iştirak ediblər.
Yüzdən çox ölkədən 14 mindən çox alimin qatıldığı beşgünlük tədbirdə AMEA Yer Elmləri Bölməsinin rəhbəri akademik Fəxrəddin Qədirov, GGİ-nin Seysmologiya və seysmik təhlükə şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev, Geotektonika və regional geologiya şöbəsinin elmi işçisi Fuad Əliyev və GGİ-də çalışan Bakı Dövlət Universitetinin tələbəsi Elvin Babayev məruzələrlə çıxış edib, həmçinin elmi nəticələrini sərgiləyiblər.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və şöbə müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova da ölkəmizi mötəbər iclasda təmsil edənlərin sırasında olublar. Konfransın keçirilməsində məqsəd dünyanın Yer elmləri üzrə tədqiqatçılarını bir araya toplamaq və bu sahədə əldə olunmuş nailiyyətləri, elmi yenilikləri müzakirə etməkdir. Tədbirdə geodinamika və seysmologiya üzrə ayrıca seksiyalar keçirilib, Yer elmləri sahəsində müasir tədqiqatlar, aktual problemlər və perspektivlərə dair geniş fikir mübadiləsi aparılıb.
Konfrans çərçivəsində alimlərimiz ABŞ-ın “Kinemetriks” və Birləşmiş Krallığın “Güralp Systems Limited” şirkətlərinin rəsmiləri ilə görüşüb, həmin şirkətlərin seysmik dalğanı və Yer qabığının ümumi titrəyişlərini ölçən texnologiyaları ilə yaxından tanış olublar.