General oğlunun həbsinə yol açan şirkət rəhbəri jurnalistləri hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun həbsi çox təzadlı bir yanaşmanı ortaya çıxarıb.  

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun həbsi çox təzadlı bir yanaşmanı ortaya çıxarıb. 

Məlum olub ki, general oğlu illər öncə ölümlə nəticələnən yol qəzası törədib və həbs olunub, 2 il cəza çəkəndən sonra isə onu üzərində şərti cəza saxlanılmaqla azad ediblər. Azadlıqda olduğu dövrdə o, “Xaliq Faiqoğlu” MMC-yə daxil olan marşrut xətlərindən birinin sürücüsü ilə dalaşıb, sürücünü döyüb.

R.Orucovun vəkili Pəhləvan Aslanov lent.az-a açıqlamasında bildirib ki, məsələ onun sürücünün söyüş söyməsinə görə baş verib. Vəkil bildirib ki, Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Rüstəm Orucov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Vəkil bildirib ki, hazırda onunla qohumları tərəfindən müqavilə bağlanmayıb: “O da ola bilər ki, ailə üzvləri başqa bir vəkillə müqavilə bağlasınlar”.

Maraqlıdır ki, R.Orucovun həbsində israr edən şəxs kimi “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun adı çəkilir. Bildirilir ki, F.Seyidov sürücü ilə general oğlunun barışmasından sonra dövriyyəyə girib və general oğlunun həbsinə nail olub. F.Seyidovun bu hərəkəti bir sahibkar kimi alqışlanmalıdır. O, iş başında olan, onun gəlir mənbəyinı hər ötən saat artırmaqda olan, çoxsaylı marşrutlarından birində “qarışqa” kimi çalışan sürücünün tərəfindən çıxıb. Atasının puluna bahalı maşınlara sahiblənmiş birini həbsə yolladıb. Bura qədər F.Seyidovun hərəkətləri normaldır. Bəs özünə münasibətdə, maraqlarına toxunan xəbərləri niyə süngü ilə qarşılayır?

Bu xəbərlər nədən F.Seyidovu bu qədər aqressivləşməyə, jurnalistləri qorxutmağa qədər gedən açıqlamalar verməyə sövq edir?

Məsələnin mahiyyəti də budur ki, 18 may 2014-cü il tarixdə Nəsimi rayonu ərazisində F.Seyidovun övladı Xaliq Seyidov idarə etdiyi Az 10 LU 090 dövlət nömrə nişanlı “Mercedes GL” markalı avtomobillə Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub. E.Məmmədov hadisədən 5 gün sonra xəstəxanada dünyasını dəyişib. F.Seyidovun oğlunu isə bu qəzaya görə həbs etməyiblər. Cinayət tərkibi olmadığı üçün işə xitam verilib.

F.Seyidov hesab edir ki, mətbuatda bu məlumatların yayılması, oğlunun qəza törətməsi haqda məlumatların ictimailəşdirilməsi yolverilməzdir.


(Musavat.com)