Azərbaycan Ordusunun sabiq korpus komandiri general-leytenant Mais Bərxudarova yeni vəzifə verilib.
Məlumata görə, M.Bərxudarov Azərbaycan Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasında müvafiq vəzifəyə təyin olunub.
Bununla bağlı müdafiə naziri Zakir Həsənov müvafiq əmr imzalayıb.
Xatırladaq ki, general-leytenant Mais Bərxudarov 2-ci ordu korpusunun komandiri olub. O, 2024-cü il oktyabrın 6-da sərəncama göndərilib. Bu barədə özü belə deyib: “Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam”.
M.Bərxudarov 1998-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə, 2012-ci ildə “Vətən uğrunda” medalı ilə, 2020-ci ildə Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin “Cəbrayılın azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Zəngilanın azad olunmasına görə” medalı və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.










