Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğlanları internet üzərindən qızlar vasitəsilə görüşə çağıran, orada isə hədələyərək pulunu almaqda təqsirləndirilən dəstə üzvlərinin – İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğlanları internet üzərindən qızlar vasitəsilə görüşə çağıran, orada isə hədələyərək pulunu almaqda təqsirləndirilən dəstə üzvlərinin – İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
TİA.AZ-ın verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.
İstintaq dövründə ev dustaqlığında olan A.Musayeva prosesə gəlmədiyi üçün hazırlıq iclası təxirə salınıb.
Məhkəmə prosesi aprelin 11-də davam etdiriləcək.
İttihama görə, onlar əvvəlcədən dəstəyə üzv etdikləri qızlar vasitəsilə “Facebook” və “Odnoklassniki”də intim xidmət göstərmələri barədə elan veriblər. Həmin qızlar zəng edərək tora düşən gəncləri müəyyən olunan kafeyə dəvət ediblər. Müştərilər masada əyləşən kimi iki qız onun stoluna yaxınlaşıb, barmen isə sifariş gözləmədən stola içkilər düzüb. Hətta bahalı içki adı ilə təqdim edilənlər də adi meyvə suyu olub. Sonradan isə qızlar intim xidmət üçün təklif etdikləri pulu müştəridən alaraq otağın təmiz olub-olmadığını yoxlamaq istədiklərini deyərək masadan uzaqlaşıblar. Bu zaman barmen sürpriz hesabı müştəriyə təqdim edib. Yüksək məbləği görən gənclər içmədikləri içkiyə görə pul ödəməkdən imtina etdikdə qoluzorlu adamlar onları başqa bir qaranlıq otağa salıb döyərək ciblərindəki pulu götürüblər. Bu iş üzrə çoxlu zərərçəkən olsa da, hadisələr hər birində oxşar olub.
İstintaq zamanı müəyyən edilib ki, mütəşəkkil dəstə mütəmadi olaraq yerlərini dəyişib, eyni məkanda uzun müdddət fəaliyyət göstərməyiblər. Belə ki, zərərçəkmişlər – Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Eldəniz Rüstəmov və Gürcüstan vətəndaşı 1982-ci il təvəllüdlü Əliş Rəhimlinin epizodu üzrə cinayət hadisəsi Ə.Cavad küçəsində yerləşən “Rublyovka” klubunda baş verib. E.Rüstəmovdan 50, Ə.Rəhimlidən 45 manat alıblar.
Dəstə üzvlərinin istifadə etdikləri bir çox məkanın adı belə olmayıb. Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Səxavət Məmmədovdan 130 manat pulu hədə-qorxu gələrək və döyərək R.Zorge küçəsi 12c saylı ünvanda yerləşən kafedə alıblar. Digər cinayətlər isə Puşkin küçəsi 10 saylı ünvanda yerləşən kafedə baş tutub. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İlkin Qəhrəmanovdan 50 manat, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Elxan Abbasovun 40 manat, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Sakit Qurbanovdan 65 manat, Yardımlı rayon sakini, 1986-cı il təvəllüdlü Muxtar Sətiyevdən 740 manat pulu bu kafedə alıblar. Həmin zaman zərərçəkmişlərin hər biri döyülərək xəsarət alıb.
E.Balakişiyev barmen kimi fəaliyyət göstərib, müştəri hesabı ödəmədikdən sonra digər dəstə üzvləri ilə birlikdə ondan pulun zorla alınmasında iştirak edib. Maraqlıdır ki, bütün müştərilərə təqdim edilən saxta hesab 153 manat olub.
Təqsirləndirilən şəxslərdən İ.Meybullayev, R.Rəhimov, E.Balakişiyev və A.Məmmədov Cinayət Məcəlləsinin 180.3.1-ci (soyğunçuluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə), 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə; mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə, A.Musayevə CM-nin 180.3.1 və 182.3.1-ci maddələri ilə, R.Xəlilov isə 180.3.1, 181.3.1, 182.3.1 və 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham ediliblər. R.Xəlilov bundan əvvəl Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə məhkum olunub.