Gənclərə və idmana ayrılan 1 milyon manat mənimsənilib – MƏHKƏMƏ İŞİ

Gənclərə və idmana ayrılan 1 milyon manat mənimsənilib – MƏHKƏMƏ İŞİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki,  prosesdə zərərçəkən qismində tanınan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Dədəkişi Vəlizadə vəsatətlə çıxış edib. Nümayəndə işdə Maliyyə Nazirliyinin zərərçəkən qismində tanınmasını istəyib: “Məlumdur ki, qurumlara dövlət büdcəsindən vəsait Maliyyə Nazirliyi tərəfindən müvafiq işlərin görülməsi üçün ayrılır. Ayrılmış vəsait təyinatı üzrə xərclənməyib və dövlət büdcəsinə ziyan dəyib. Bu cinayət işinə görə ziyan həmin nazirliyə dəymiş hesab olunmalıdır. Sizdən xahiş edirəm ki, bu işdə zərərçəkən qismində Gənclər və İdman Nazirliyi deyil, Maliyyə Nazirliyi tanınsın”.

Dövlət ittihamçısı Eldar Həmzəyev vəsatəti əsassız hesab edərək təmin olunmamasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə – xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.

Məhkəmənin baxış iclası martın 12-nə təyin edilib.