Gəncə Dövlət Universitetinin qadın əməkdaşı işdən çıxarıldığı üçün özünə xəsarət yetirib.
Tribunainfo.az xəbər verir ki, hadisə Gəncə Dövlət Universitetinin əsas binasında baş verib.
1988-ci il təvəllüdlü G.Məmmədova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə G.Məmmədova GDU-nun dəftərxanasının əməkdaşı olub. Onun özünə xəsarət yetirməsinə səbəb isə xəbəriz işdən çıxarılmasıdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Hadisəylə bağlı Gəncə Dövlət Universiteti yaydığı məlumatda hadisənin universitetdə deyil, yaxınlıqdakı binada baş verdiyini bildirib.
GDU-nun yaydığı məlumatı təqdim edirik:
“11 aprel 2024-cu il tarixdə Gəncə Dövlət Universitetinin binasından kənarda universitetin keçmiş əməkdaşı 1988-ci il təvəllüdlü Məmmədova Günay Asim qızı özünə yüngül bədən xəsarəti yetirməyə cəhd göstərib. Hadisə univeritet binasının yaxılığında baş verdiyinə görə GDU rektorluğu tərəfindən hüquq mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.
Qeyd edək ki, G.Məmmədova 3 il bundan öncə öz ərizəsi ilə işdən azad olunub.
Öz istəyi ilə işdən ayrılsa da G.Məmmədova dəfələrlə GDU-nun rəhbərliyini təhdid edərək hədə-qorxu gəlib, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına və Ombudsmana müraciət edib. G.Məmmədova bununla əlaqədar verdiyi izahatlarda
işdən çıxdığına görə GDU rəhbərliyini günahlandırmayıb, narazılığının olmadığını, müraciətlərinin isə psixoloji və ailə problemləri ilə əlaqəli olduğunu bildirib.
Bu gün baş verən hadisənin isə GDU ilə bağlı heç bir əlaqəsi yoxdur”.
Nigar İxtiyarqızı