Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi bir gündə üç tender keçirib. Tribunainfo.az xəbər verir ki, MKT-nin birinci tenderi “Nəqliyyat vasitələrinə sürtgü yağlarının, təkərlərin və akkumulyatorların satınalınması”ndan ibarət olub.
Rəsmi məlumata görə, bununla bağlı MKT “İNPORT” MMC-yə 165.264,9 manatlıq sifariş verib.
Sözügedən qurumun ikinci tenderi isə elektrik mal-materiallarının və avadanlıqların satınalınması ilə bağlıdır. Bildirək ki, bu satınalmanın qiyməti 2.052.118,2 manat təşkil edib. Tenderin qalibi isə “İNTERKABEL” firmasıdır.
Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin üçüncü tenderi isə Birliyin balansında olan liftlərə cari təmir üçün mal-materialın satın alınmasını ehtiva edir. Tribunainfo.az xəbər verir ki, bu dəfə “SMART TECHNO SERVİCES” MMC ilə satınalma müqaviləsi imzalanıb. Bu müqavilənin dəyəri isə 272.484,42 manatdır.
Qeyd edək ki, bu satınalmalarda iştirak edən “Smart Techno Services” MMC-nin adı daha çox tender qalmaqallarında hallanıb. Belə ki, sözügedən MMC həm iri həcmli tenderlərin qalibi olub, həm də bu qələbələr təkcə onun fəaliyyət növünə ziddiyyət təşkil edib. Yəni, bu şirkət əgər Gəncədə liftlərin təmir işlərini görübsə, Bakıda hətta qida satışı prosesində də iştirak edib. Elə buradan aydın görünür ki, sözügedən şirkət “düz yolun yolçusu” deyil.
Xatırladaq ki, bu MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Məmmədli kəndi, ev 33, m. 44-dür. Qanuni təmsilçisi Mayılov Vaqif Firudin oğludur. Eyni ünvanda başqa şirkətlərin olduğuna dair məlumatlar da var. Həmçinin Təhsil Nazirliyinin tenderlərinin qalibi olan “Vedibasar” MMC ilə eyni gündə yaradıldığı da bildirilir.