Gədəbəy rayon İcra Hakimiyyəti növbəti tenderinə yekun vurub. Tribunainfo.az xəbər verir ki, həmin müsabiqəyə əsasən Gədəbəy şəhərində abadlaşdırma işləri həyata keçiriləcək.
Tenderin nəticələrinə görə, qalib “Gəncə Körpü Tikinti-2” ASC olub. İşlərin dəyəri isə 894.929,03 manat müəyyən edilib.
Qeyd edək ki, “Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-nin qanuni təmsilçisi Rzayev Süleyman Qəmbər oğludur.
Bildirək ki, ASC-nin qanuni təmsilçisi Süleyman Rzayev 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. Süleyman Rzayevin adı həm də Beynəlxalq Bankla məhkəmə çəkişməsində iddiaçı qismində keçir. Nəsimi Rayon Məhkəməsi Süleyman Rzayevin sözügedən banka qarşı “pulun geri qaytarılması” iddiasını təmin edib. Beynəlxalq Bank apelyasiya şikayəti versə də, birinci instansiyasının çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.
Açıq mənbələrdə vurğulanır ki, “Gəncə Körpü Tikinti-2” ASC-nin əsl sahibi iş adamı Aqibət Məmmədovdur. Aqibət Məmmədov bir neçə il əvvəl oğlu Rəşad Məmmədovun avtomobil kolleksiyası ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır.
Onu da bildirək ki, sözügedən şirkət əsasən Gəncə şəhəri və onun ətrafında rayonlardakı tenderlərin qalibi olur.