Dekabrın 14 və 15-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “CırtdaNino” adlı yeni tamaşanın premyerası keçirilib.
Teatrın mətbuat xidmətindən Tribunainfo.az-a verilən məlumata görə “Cırtdan” Azərbaycan Xalq nağılının motivləri əsasında yazıçı Pərvin Nurəliyevanın “CırtdaNino” adlı pyesinin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Nisə Həsənova, bəstəkar Əməkdar İncəsənət Xadimi Cahangir Zülfüqarov, rejissor assisenti Sona Məhərrəmovadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.
Bir hissəli səhnə əsərində Əməkdar artistlər Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Nəsibə Eldarova, Elnur Bəhrəmxan, aktyorlar Anar Seyfullayev, Asya Atakişiyeva, Kərəm Hadızadə, Hökümə Rəhimzadə, Aydın Dəmirov, Elgün Yəhyayev, Zümrüd Quliyeva, Mirzə ağa Mirzəyev, Aydan Həsənzadə, Ramil Məmmədov, İlhan Sadıqov, Anar Səfiyev, Aybəniz Heydərova, Hüseyn Bayramov, Xaliq Bəkirov, Mətləb Abuşov, Ümman Budaqov, İmdad Tofiqoğlu iştirak edirlər.
Nağılda balaca tamaşaçılarımız Cırtdan və nağılın digər qəhrəmanlarından başqa yad planetlərdən gəlmiş Nino adlı robotla da tanış olurlar. Nino Cırtdanı və onun dostlarını Yer planetdən başqa planetlərə səyahətə apararaq alimlərin, oyuncarlar və sülhün var olduğu fərqli dünyalarla tanış edirlər. Vaxtilə Cırtdanın və dostlarının etdikləri yaramazlıqlar səyahətə çıxdıqları planetlərdə müxtəlif forma və hadisələrlə onların qarşısına çıxır. Məcəralarla dolu səhnə əsəri müasir quruluşla uşaqları yoldaşlığa dostluğa və əmin-amanlığa səsləyən mesajlarla zəngindir.