Şəmkir rayonunda 1994-cü il təvəllüdlü Sakit ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Züleyxaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şəmkir rayonunun kəndində baş verib. Sakit kənddə yerləşən fərdi yaşayış evində həyat yoldaşı Züleyxa ilə şəxsi və ailə münasibətlərin pozulması zəmində mübahisə edib.
Belə ki, Sakit həyat yoldaşının rayonun dəllər-Cırdaxan kəndində yerləşən ata evindəki yas mərasimindən istəyi ilə birlikdə yaşadıqları kənddə yerləşən birgə yaşadıqları fərdi yaşayış evinə qayıdıblar.
Daha sonra Züleyxa yas yerindən qayıtması ilə bağlı ərinə irad bildirməsinə görə tərəflər arasında ilkin olaraq söz mübahisəsi baş verib. Mübahisə zamanı Sakit Züleyxanın üzərinə gedərək, onun bədəninin müxtəlif nahiyələrinə şillə və ayaq zərbələri ilə qəsdən vurub.
Hadisəni törədən Sakitin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sakit ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş Züleyxa onun həyat yoldaşıdır
və 6 ildir ki, qeyri-rəsmi nikahdadırlar: “Bu nikahdan 1 övladımız var. Yoldaşım ilə nikahımın ilk günündən münasibətlərimiz normal deyil. Buna səbəb Züleyxanın anası Fatimənin ailə məsələlərimizə müdaxilə etməsidir. Əvvəllər də 3-4 dəfə Züleyxa məndən ayrılıb. Lakin qısa müddət sonra maddi çətinliklərinə görə geri qayıdıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu ilin mayın 8-dən etibarən işlədiyi Rusiya Federasiyasından evinə qayıdıb: “Hadisə günü, saat 9 radələrində yoldaşımın xahişi ilə onu nənəsinin yas mərasiminə görə ata evinə apardım. Saat 22 radələrində isə yoldaşımı öz evim gətirdim. Evdə olan zaman onunla aramızda söz mübahisəsi yarandı. Mübahisə zamanı əsəbimdən onun üzərinə getdim. Əsəbi halda 3-4 dəfə sifət nahiyəsinə şillə ilə vurdum. Sonra isə yaxasından tutaraq onu çarpayıya itələdim. Züleyxa isə dırnaqları ilə öz üzünü cıraraq səbəbsiz yerə qışqırmağa başladı. Mən isə gecə saatları olduğu üçün əlim ilə onun ağzını tutdum. Züleyxa yenə çarpayıdan qalxaraq masanın üzərində olan bankanı sındıraraq şüşə ilə özünə xəsarət yetirəcəyini bildirdi. Yaranmış səs-küyə anam gəldi və Züleyxanı sakitləşdirməyə çalışdı. Müəyyən müddətdən sonra isə Züleyxa sakitləşdi. Biz birlikdə söhbət etməyə çalışdıq. Bu zamanlarda Züleyxanın anası gələrək qızını özü ilə yaşadıqları evə apardı”.
İş üzrə zərərçəkmiş Züleyxanın sözlərinə görə, evliliklərinin ilk dövrlərindən Sakitlə münasibətləri normal deyil: “Çünki mütəmadi olaraq məni heç bir səbəb olmadan qısqanır və buna görə də mübahisələr yaradır. Mübahisələr zamanı isə Sakit məni nalayiq ifadələrlə təhqir edir və döyür. Sonuncu dəfə ata evində rəhmətlik nənəmin yas yerində olan zaman Sakit mənimlə səbəbsiz münaqişə yaradaraq döydü və zorla evinə apardı. Saat 20 radələrində birlikdə yaşadığımız evdə olan zaman Sakit mənə niyə gülüb danışmadığımı soruşduqda, ona ev işləri ilə məşğul olduğumu bildirdim. O da buna əsəbiləşdi və üzərimə gəldi. İlk olaraq şillə və yumruq zərbələri ilə sifət nahiyəmə zərbələr vurdu. Sonra Sakit qapını örtüb yenidən yanıma gəldi, məni yerə yıxdı. Yerdə olan zaman isə Sakit yenidən əl və ayaq zərbələri ilə sifət, bədənimin digər nahiyələrinə ardıcıl zərbələr vururdu. Hətta əlləri ilə boğazımdan tutaraq məni boğmaq istəyirdi. Mən çətinliklə olsa da, Sakitin əlindən çıxaraq həyətə getdim. Qayınanamı uca səslə çağırdım. Qayınanam yanıma çatan zaman isə arxadan yaxınlaşan Sakit məni yenidən yerə yıxdı, başımı yerə döşənmiş betona vurdu. Qayınanam mübahisələrimizə mane oldu və oğlunu sakitləşdirdi”.
Zərərçəkmiş qeyd edib ki, qısa zaman sonra isə anası evinə gəlib və onunla birlikdə ata evinə qayıdıb: “Mübahisəmiz yaşadığımız evdə baş verib. Təxminən 5-10 dəqiqə davam etdi. Yanımızda qayınanam olub. Lakin hadisədən sonra ərim məndən üzr istədi. Mən isə onu bağışladım, onunla barışdım”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sakitin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.