Gəlinciklə oynayanların gəlin getməsi – hüquq müdafiəçisi OD PÜSKÜRDÜ

Gəlinciklə oynayanların gəlin getməsi – hüquq müdafiəçisi OD PÜSKÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azyaşlıların məcburi evliliyi son illər yenidən təhlükəli səviyyədə artmaqdadır. Xüsusilə bölgələrdə erkən nikahlar sanki adət halına çevrilib. Cəmi 13–15 yaşlı qız uşaqları ailə, icma və bəzən də dini təzyiqlər altında “gəlin” adlandırılır, uşaq yaşında qadın həyatına məhkum edilirlər.
Bu evliliklərin çoxunda azyaşlıların səsi çıxmır, çünki onların fikri soruşulmur. Təhsil almaq, uşaq olmaq, seçim etmək hüquqları əllərindən alınan bu qızların bəziləri yaşadıqları zorakılığa dözə bilmir və intiharı son çarə kimi görür. Cəmiyyət isə bu hadisələri hər dəfə “faciə” kimi qarşılayır, lakin növbəti oxşar xəbərə qədər unudur.
Mövcud qanunvericilik erkən nikaha görə cəza nəzərdə tutsa da, cərimələr və inzibati tədbirlər nə ailələri, nə də vasitəçiləri dayandıra bilir. Çox vaxt bu “evliliklər” kənd mollasının duası ilə gizli şəkildə rəsmiləşdirilir, dövlət qurumları isə ya xəbərsiz qalır, ya da göz yumur.

Bəs bu zənciri kim qıracaq? Uşaq yaşında evləndirilən qızların taleyini kim qoruyacaq? Problemlə mübarizənin effektiv yolu nədən ibarət olmalıdır — qanunların sərtləşdirilməsindən, maarifləndirmədən, yoxsa ictimai qınaqdan?

Mövzu ilə bağlı Tribuna-ya danışan Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, rayon icra hakimiyyətlərində uşaqların müdafiəsi, yetkinlik yaşına çatmayanların işi üzrə komissiyaların əməkdaşları araşdırılmalıdır. İB sədri qeyd edib ki, öyrənmək lazımdır ki, o şəxslər ümumiyyətlə nə işlə məşğul olurlar:

“Nəzərə alınmalıdır ki, azyaşlıların evləndirilməsi halları daha çox bölgələrdə baş verir. Məhz buna görə də xüsusilə rayon icra hakimiyyətlərində uşaqların müdafiəsi, yetkinlik yaşına çatmayanların işi üzrə komissiyaların əməkdaşları araşdırılmalıdır. Öyrənilməlidir ki, ümumiyyətlə bu komissiyanın əməkdaşları bu işi görmək üçün çalışırlarmı? Nə qədər çaba göstərirlər? Ümumiyyətlə iş görür bu komissiyadakılar? Onların peşəkarlığı da ayrı məsələdir.
Həssas ailələr, övladını oxutmayan, yenilikçi olmayan ailələr nəzarətdə saxlanılmalıdır. O ailələrlə tez-tez iş aparılmalı, yoxlanılmalı, danışılmalıdır. Hadisə baş verəndən sonra artıq gec olur. Kompleks iş aparılmalıdır. Uşağını məktəbə göndərməyən, təhsildən yayındıran ailələrlə müəyyən edilməli, nəzarətdə saxlanılmalıdır”.

K.Ağazadə bildirib ki, dövlət bu problemin qarşısını almaq üçün qanunvericilikdə müəyyən dəyişikliklər də etdi:

“Cəza metodları tətbiq edilir, cərimələr müəyyən edilir artıq. Ancaq bölgələr üzrə statistika çıxarılmlıdır. Bu problem daha çox hansı rayon və bölgələrdə olursa, onun statistikası çıxarılmalıdır. Bu statistikaya əsasən də işi gücləndirmək, operativ tədbirlər aparılmalıdır.
Hansı bölgədə uşaqlar, xüsusilə qız uşaqları daha çox təhsildən yayınır, qızlar daha çox ev, təsərrüfat işlərinə yönəldilirsə, bu müəyyənləşdirilməli, nəzarət edilməlidir. Qızlar üçün kurslar, peşə məktəbləri açılmalıdır. Belə ailələrlə mütəmadi iş aparılmalıdır. Dəfələrlə deyirik bunu. Bu ailələr müəyyən edilməli, onlarla iş aparılmalı, nəzarətdə saxlanılmalıdır.

Həmçinin, əsas məsələ – həm valideynlər, həm azyaşlı ilə evlənməyə çalışan oğlan ictimai formada cəzalandırılmalıdır. Onun cəzası ictimai formatda ortaya qoyulmasa, görülən işlərin effekti olmayacaq”.

Nigar İxtiyarqızı