Son illərdə oğlan tələbələrin ali təhsil müəssisələrinə, xüsusilə də müəyyən ixtisaslara qəbulunda əhəmiyyətli bir azalma müşahidə olunur. Bu azalma yalnız Azərbaycanda deyil, həm də bir çox digər ölkələrdə nəzərə çarpır. Bu tendensiya, xüsusilə sosial elmlər, hüquq və təhsil kimi sahələrdə daha aydın görünür, lakin mühəndislik, texnologiya və təbiət elmləri sahələrində oğlan tələbələrin sayı nisbətən sabit qalsa da, bu sahələrdə də gender balansının dəyişdiyi müşahidə olunur.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə təhsil eksperti Kamran Əsədov şıxış edib. O bildirib i, azalmanın müxtəlif səbəbləri var:
“Birinci səbəb əmək bazarı tələbləri və sosial gözləntilərdir. Bəzi ixtisaslarda, xüsusilə hüquq, pedaqogika və sosial elmlərdə, iş imkanlarının məhdudlaşması oğlan tələbələrin bu sahələrdən uzaqlaşmasına səbəb ola bilər. Əksinə, texnologiya və mühəndislik sahələri iş imkanları ilə daha çox cəlbedici görünür.
Ənənəvi gender yönəlməsi:
Hüquq, təhsil və bənzər sahələr tarixi olaraq qadınlarla daha çox əlaqələndirilir. Bu, oğlan tələbələrin bu sahələrdə az təmsil olunmasına səbəb ola bilər. Qadınlar bu sahələrə daha çox yönəldiyi halda, oğlanlar mühəndislik və ya texniki sahələrə üstünlük verirlər.
Təhsil Mühiti:
Təhsil sistemindəki dəyişikliklər və erkən yaşlardan bəri oğlan və qız tələbələr arasında fərqli motivasiya və yönləndirmələr, ixtisas seçimlərinə təsir edə bilər. Məktəbdə və ailədə təhsil üzrə yüksək nailiyyət gözləntiləri də qızların daha çox akademik sahələrə maraq göstərməsinə səbəb olur”.
Ekspert bildirib ki, 1990-2000-ci illərdə oğlan tələbələr hüquq, sosial elmlər və iqtisadiyyat kimi sahələrdə daha çox təmsil olunurdu. Lakin son onillikdə bu balans dəyişib, oğlanlar daha çox texniki və praktiki yönümlü ixtisaslara yönəliblər. Bu tendensiya, xüsusilə təhsilin qlobal səviyyədə struktur dəyişiklikləri ilə əlaqədardır.
Kamran Əsədov bildirib ki, bu, gələcəkdə müəyyən problemlərə səbəb olacaq:
“Hüquq, təhsil və sosial elmlərdə oğlanların azalması bu sahələrdə gender balansının pozulmasına və gələcəkdə kişi mütəxəssislərin çatışmazlığına səbəb ola bilər. İxtisaslaşmada qeyri-bərabərlik yaranacaq. Bu tendensiya ixtisaslar üzrə qeyri-bərabərliyin artmasına gətirib çıxara bilər. Sosial elmlər və təhsil kimi sahələrdə qadınlar dominant olduqda, texnologiya və mühəndislik kimi sahələrdə kişilərin üstünlük təşkil etməsi iş dünyasında gender stereotiplərini gücləndirə bilər”.
Nigar