“Gəl mənimlə gedək, sənə kofet alacam” – Uşaqlarımızı gözləyən TƏHLÜKƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azyaşlılara qarşı zorakılıq hallarına yol vermiş şəxslərin axtalanmasına gəlincə, qurum rəsmisi bildirib ki, bunun üçün geniş araşdırma aparılmalıdır
 

Balakəndə atalığı tərəfindən zorlanaraq hamilə qalan 12 yaşlı qız, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda toyda zorlanaraq ölən 3 yaşlı körpə, Xətai rayonu, Mehmandarov küçəsində pedofilin caynağından son anda qurtulan 9 yaşlı oğlanın başına gələnlər ictimaiyyət tərəfindən 1-2 gün müzakirəyə çıxarılsa da, sonrakı günlərdə unuduldu…

Amma bu, təhlükənin sovuşmasına və azyaşlı övladlarımızın hislərini cilovlaya bilməyən azğınlardan sığortalanmasına dəlalət etmir. Yaxın zamanlarda aidiyyatı qurumlar tərəfindən tədbirlər görülməyəcəksə, iyrənc hislərinin diktəsilə zorakılıq törədənlər ciddi cəzalanmayacaqsa, vəziyyət daha çirkin məcraya doğru sürüklənəcək.

Elə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin Hüquq təminatı şöbəsinin rəhbəri Taliyyə İbrahimova Modern.az-a son vaxtlar uşaqlara qarşı təcavüz hallarının artdığını təsdiqləyib:

“Biz Komitə olaraq bundan çox narahatıq. İlk növbədə bunun yolverilməz olduğu nəzərə alınmalı və təqsirkarlar cəzalanmalıdır. Son günlərdə qeydə alınan azyaşlıların zorlanması faktları ilə bağlı cinayət işləri başlanıb. Ümumən götürdükdə bu halların baş verməməsi üçün valideyn məsuliyyəti artmalıdır. İlk növbədə valideyn məsuliyyətsizliyidir ki, kiçik yaşlı qızlar bu cür təcavüzə məruz qalırlar. Dünya ölkələrində aparılmış araşdırmalar zamanı əldə edilən nəticələrə görə, bu halların 70 faizində təcavüzü törədənlər qurbanın tanışı-qohumu, qonşusu, ətrafındakılar olur. Hansı ki, həmin şəxslər azyaşlı qızın valideyn himayəsindən, diqqətindən kənarda qaldığını hiss edir. Bu baxımdan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir daha bütün valideynləri uşaqlara qarşı diqqətli olmağa çağırır. Uşaqda özünəqapanma, depressiaya, təcridolunma halları müşahidə olunarsa, mütləq onun daxili aləmi, psixi durumu ilə maraqlanmaq, lazım gələrsə, mütəxəssislərə müraciət etmək mütləqdir”.

 

T.İbrahimova qırx və daha yaşlı insanların azyaşlılara meyllənməsinin səbəblərini belə izah edib:

 

“Bu təkcə bizdə baş verən hallar deyil. Hətta inkişaf etmiş ölkələrdə, xüsusilə Almaniya, İngiltərə, Rusiyada bu hallar tez-tez baş verir. Sadəcə bunlara qarşı profilaktik işləri gücləndirə bilərik. Ancaq yetkinlik yaşına çatmayanların özünün bu sahədə bilgiləndirilməsi çox önəmlidir. Bir çox ölkələrdə yetkinlik yaşına çatmayanların cinsi tərbiyəsilə bağlı məktəblərdə xüsusi dərslər keçirilir. Uşaqlar artıq məktəbdə oxuyarkən mütləq bu təhlükələr haqqında məlumatlı olsalar yaxşıdır. Əgər azyaşlıya kimsə yaxınlaşıb “gəl gedək, bunu heç kəsə demə” deyirsə, uşaq təhlükə ilə qarşı-qarşı olduğunu dərk etməlidir. Ən azından valideyn öz uşağını məlumatlandırmalıdır. Eyni zamanda, məktəblər, aidiyyatı qurumlar, Komitənin özü, tabeliyində olan 11 uşaq və ailələrə dəstək mərkəzlərində yetkinlik yaşına çatmayanlarla bağlı məlumatlandırma çox önəmlidir. Xüsusilə də işləyən valideynlərə tövsiyə edirik ki, uşağı qonşunun, yad birinin himayəsinə verməsinlər. Azyaşlıları evdə tək qoymasınlar. Valideyn çalışırsa, uşağı bağçaya verə bilər, yaxud evdə dayə tuta bilər”.

Onun sözlərinə görə, azyaşlılara qarşı zorakılıq halları ilə bağlı 2015-ci ildə qanuna dəyişiklik edilib:

“Həmin dəyişikliyə əsasən, əgər uşaq himayəçisi, yaxud tərbiyəçisi tərəfindən zorakılığa məruz qalırsa, cəzası daha da ağırlaşdırılır”.

Azyaşlılara qarşı zorakılıq hallarına yol vermiş şəxslərin axtalanmasına gəlincə, qurum rəsmisi bildirib ki, bunun üçün geniş araşdırma aparılmalıdır:

“Çünki bu məsələ ilə bağlı araşdırma yoxdur. Bu cinayətlər və təkrarlanması halları araşdırıldıqdan sonra hansı cəza növünün daha effektiv olduğu müəyyən olunur”.