Hər ay bizim cəmi 15 qızımızın yol xərci 1000 manatı keçir. Artıq gedişhaqqı 60 qəpik olandan sonra bu məbləğ 1200 manata qədər artacaq.
Bu sözləri Tribunainfo.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ictimai nəqliyyatda gediş haqqının 60 qəpik olmasına etiraz olaraq bildirib. O qeyd edib ki, bu, çox böyük biabırçılıqdır:
“Gediş bir tərəfli olmur, iki tərəflidir, 3 nəqliyyat növü dəyişirsən. Ona görə bu, doğrudan da çox böyük biabırçılıqdır. Məsələ mənim nə edəcəyim deyil, müraciətim əslində AYNA-ya və digər qurumlara bu idi ki, burada imtiyazlar mütləq nəzərdə tutulmalıdır. Sən hər dəfə qiyməti qaldıracaqsansa, bəs bu əziyyət çəkənlər necə olacaq?
İmkansız ailələr necə olacaq? Bunun bir yolu, çıxışı olmalıdır axı. Hansı bazar qiymətləri ilə bu hesablanır? Mən uşaqları abituriyent hazırlığına göndərmirəm, mən uşaqları dövlət peşə təhsilinə, kolleclərə, ali təhsil müəssisələrinə göndərirəm. Nə etməliyəm mən?”.
K.Ağazadə bildirib ki, sığınacaqdakı uşaqları bir avtobusla ayrı-ayrı məktəblərə yola salmaq mümkün deyil:
“Fərqli məktəblərdə, peşə məktəblərində, kolleclərdə oxuyanlar var. Bir avtobusla fərqli istiqamətlərə gedən uşaqlar necə daşına bilər? Üstəlik, benzin xərcləri də az deyil”.
Nigar İxtiyarqızı