Gecə klubundan çıxıb “Carsharing” in avtomobilini qaçırdı – Qəza törətdi

Gecə klubundan çıxıb “Carsharing” in avtomobilini qaçırdı – Qəza törətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bardan çıxaraq “Carsharing” MMC-yə məxsus avtomobili qaçıran və qəza törədən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 2004-cü il təvəllüdlü Gündüz F. Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə çıxarılıb.

Məlum olub ki, Gündüz dostları Aydın, Nicat və Cəmillə birlikdə Bakıda bir gecə klubunda əylənib. Klubdan çıxdıqdan sonra piyada hərəkət edərkən, saat 06:15 radələrində Səbail rayonu, R. Behbudov küçəsi, 8 nömrəli tam orta məktəbin yaxınlığında park edilmiş avtomobillərin arasında “Carsharing” MMC-yə məxsus ağ rəngli “Geely Geometry” markalı avtomobili görüb.

Heç bir sürücülük vəsiqəsi olmayan Gündüz avtomobili sürməyə qərar verib. Şirkətin tətbiqini yükləyərək dostu Nicatın elektron ünvanını qeyd edib. Daha sonra avtomobili işə salıb və Sumqayıta yola düşüb.

Sumqayıtda, 29-cu məhəllədə, Gündüz idarə etdiyi “YJ” qeydiyyat nişanlı “Geely Geometry” ilə park edilmiş “Toyota Prado”ya çırpılıb. Hadisədən sonra heç bir tədbir görmədən avtomobili yol kənarında saxlayıb və ərazini tərk edib.

Hadisə nəticəsində şirkətə 5 080 manat maddi ziyan dəyib. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Gündüzə məhkəmə tərəfindən həbsdə olduğu 1 ay 13 gün nəzərə alınmaqla, 9 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. O, cəzasını elektron qolbaq ilə çəkəcək.