Gecə arvadını hamamdan çıxanda tutdu: “Mənə iki kişi ilə xəyanət edirsən…” – ŞOK DETALLAR

Gecə arvadını hamamdan çıxanda tutdu: “Mənə iki kişi ilə xəyanət edirsən…” – ŞOK DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda 1984-cü il təvəllüdlü İntizam qısqanclıq zəminində mübahisə zamanı həyat yoldaşı Fərqanəni (adlar şərti verilib – red.) qətlə yetirib.

Öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmayan İntizam 1988-ci il təvəllüdlü arvadı Fərqanənin başqa kişilərlə telefonla intim mövzuda yazışmalar və danışıqlar aparması, habelə onlarla intim münasibətdə olması qənaətinə gəlib. O, Fərqanə ilə 29 may 2022-ci ildə saat 5 radələrində mübahisə edib. Fərqanənin aqressiv cavabından əsəbləşərək onu öldürmək qərarına gəlib.

Uşaqlar yatdıqdan sonra yaşadıqları evin mətbəx otağından bıçaq götürərək arvadı ilə birgə olduqları yataq otağına qayıdıb və uzanmış vəziyyətdə olan arvadına xəsarətlər yetirib. Ümumilikdə 26 bıçaq xəsarəti alan Fərqanə kəskin qan itirmədən vəfat edib.

İstintaq orqanı tərəfindən İntizamın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızızlıqla və yaxud təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Cinayət işi üzrə zərərçəkmiş Fərqanənin hüquqi varisi qismində ifadə verən atasının sözlərinə görə, İntizamla qızı Fərqanənin münasibəti əvvəllər yaxşı olub: “Lakin məlum oğurluq hadisəsindən sonra İntizamın ailəsi ona çox təsir edib. Buna görə də qızımın İntizamdan boşanmasını istəmişəm. Lakin İntizam yalvararaq ailəsini dağıtmamağımı xahiş edib. Mən hadisə barədə səhər saat 6 radələrində xəbər tutdum. Qızımı İntizamın öldürdüyünü bildim”.

 

Zərərçəkmiş şəxsin hüquqi varisi qeyd edib ki, İntizam usta işləyib. O, oğurluq hadisəsi barədə danışarkən deyib ki, İntizamın bacısı 2018-ci ilin fevral ayının axırı, mart ayının əvvəllərində qızının evindən qızılları oğurlaylb: “Qızımın dediyinə görə, İntizam həmişə onunla yaxşı davranıb. Bir dəfə də üstünə qışqırmayıb. Qızım mobil telefondan istifadə edirdi. İbtidai istintaq zamanı müstəntiq qızımın telefonuna baxdı. Orda qızımın əxlaqı ilə bağlı hər hansı hal aşkar edilmədi. Həmçinin qızımla evli olduğu müddətdə İntizamın nəyəsə ciddi şəkildə əsəbləşməyini eşitməmişəm”.

 

İş üzrə qanuni nümayəndə qismində çıxış edən təqsirləndirilən şəxsin atasının sözlərinə görə, səhər saatlarında oğlu ona zəng edib və “durma, gəl, öldürdüm, gəl uşaqlara sahib çıx, polisə xəbər vermişəm” deyib: “Mən də İntizamın evinə gedib uşaqları götürdüm və o biri oğlum Səidgilə qoydum. Sonra yenidən qayıdıb evin içərisinə girdim. İntizamdan bu əməli niyə törətdiyini soruşdum. Oğlum dedi ki, ata, mən bunu namus üstündə etmişəm.

 

Oğlum orta təhsilli, hərbi xidmətə yararlı olmaqla Qax rayonunda hərbi xidmət keçib. Psixi problemləri olmayıb, xəstəxanada qeydiyyatda olmayıb. Mənə dəfələrlə ailə daxili problemlərinin olduğunu söyləyib. Buna səbəb isə Fərqanənin bacısı Zəminə olub. Həmçinin boşanma üçün məhkəməyə müraciət ediblər. Oğlumun hadisəni bıçaqla törədib. Hadisədən sonra özü 102-ə zəng edərək məlumat verib”.

 

Məhkəmə iclaslarında ifadə verən ekspertin sözlərinə görə, İntizama təyin olunmuş təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasında iştirak edib: “Bundan qabaq da İntizam bir dəfə ambulator məhkəmə-psixiatrik ekspertizasından keçib. Orada rəy verilməyib və stasionar ekspertizaya göndərilib. Mənim iştirak etdiyim rəydən qabaq iki dəfə stasionar ekspertiza keçirilib, anlaqsız vəziyyətdə olduğu qeyd olunub. Ekspertiza 24 iyun 2023-cü il tarixdə keçirilib. Mənimlə birlikdə Eyyub Əliyev və Musa Musayev də ekspertizida iştirak edib. Biz təqsirləndirilən şəxsin “üzvi sayıqlama” pozuntusu diaqnozu təyin etmişik. Hadisəni törədən zaman İntizam həmin pozuntunun təsiri altında olub, öz hərəkətinin xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək iqtidarında olmayıb. Rəy verilərkən iş materiallarına, həmçinin yoxlanılan şəxsin müayinəsinə istinad edilib”.

 

Ekspertin sözlərinə görə, müayinədə İntizamla kliniki söhbətlər aparılıb: “İntizamın nəslində, o cümlədən qohumlarında belə bir xəstəliyin olub-olmamasının məsələyə heç bir aidiyyəti yoxdur. Biz konkret şəxsi yoxlayırıq. İkincisi, psixi xəstəliklərin böyük əksəriyyəti sonradan yaranandır. Psixiatriya sahəsində anadangəlmə yaranan xəstəliklər ancaq əqli gerilikdir. İntizamda da bu xəstəlik sonradan yaranıb, uşaqlıqdan xəstəlik olması vacib deyil.

 

Bu xəstəlik sayıqlama pozuntusudur və onun tərkibində müxtəlif mövzulu sayıqlamalar ola bilər. Təqsirləndirilən şəxsdə qısqanclıq sayıqlaması var. “Üzvi sayıqlama” əsası olmayan, məntiqsiz dəlillərə əsaslanan qısqanmadır. Adi qısqanmadan fərqli olaraq bu qısqanma tamamilə məntiqsizdir, heç bir şeyə əsaslanmır. Vaxtına gəldikdə isə təbii ki, xəstəlik hadisə günü yaranmayıb, hadisədən müəyyən müddət əvvəl meydana çıxıb. Lakin xəstəliyin dəqiq başlanma tarixini müəyyən etmək mümkün deyil”.

 

Ekspertin ifadəsinə görə, İntizam 2008-ci ildə ailə həyatı qursa da, qısqanclığını daha sonradan məntiqsiz dəlillərlə sübut etməyə çalışıb: “Bəllidir ki, xəstəlik hadisədən qabaq yaranıb. Hətta ifadədə qeyd edilir ki, hadisədən qabaq qısqanclıq zəminində mübahisələri olub, arvad ondan boşanmaq istəyib. Cinayət hadisəsinə kimi artıq o fikirlər olub. İntizam ifadəsində də göstərib və bizə də bildirib ki, aidiyyəti olmayan iki şəxsə arvadını qısqanır. Heç bir dəlil və əsas gətirmir.

 

“Whatsapp”ı izləyir, baxır ki, o iki nəfər şəxs nə vaxt “Whatsapp”da olublar. Görür ki, arvadı da ona uyğun vaxtda “Whatsapp”da olub. Düşünür ki, bunlar bir-birilə əlaqəlidir, bir-birilərilə yazışırlar. Hətta yadındadır ki, müayinə zamanı ona arvadının xəyanətiylə bağlı əsaslı, normal dəlil gətirməsini bildiriblər. O da deyib ki, camaat məhəllədə ona namusu ləkələnmiş kimi baxırdılar, üzlərini çevirib onunla danışmaq istəməmişdilər. Bunlara əsaslanıb deyirdi ki, arvadı ona xəyanət edir.

 

Son olaraq deyirdi ki, gecə saat dörddə yuxudan oyanıb və görüb ki, arvadı yanında yoxdur. Görüb, hamam otağından çıxır, soruşanda dəstəmaz aldığını qeyd edib. Ancaq ona inanmayıb. Düşünüb ki, həmin vaxt arvadı o xəyanət edib. Yəni bu dərəcədə məntiqsiz fikirləşib. Düşünüb ki, gecə vaxtı arvadı yatağından qalxıb gedir, xəyanət edir, daha sonra yenidən yatağa qayıdır”.

 

Ekspert ifadəsində qeyd edib ki, İntizam birinin adı Fariz olmaqla iki nəfər şəxsin adını çəkib, arvadının bu adamlarla cinsi əlaqədə olduğunu bildirib: “Arvadını qısqanıb öldürüb. Sabah deyəcək ki, bu iki şəxs onun arvadını yoldan çıxarıb, gedib onları öldürəcək. Heç İntizamın qısqandığı şəxslərin dairəsi tam müəyyən olunmayıb.

 

Təqsirləndirilən şəxs özünə neçə dəfə xəsarət yetirdiyini bilmir, ancaq istintaq təcridxanasında özünə xəsarət yetirməsi faktı da olub. Hazırda İntizam xəstədir, çünki etmiş olduğu hərəkət və düşüncələrinə tənqidi münasibəti yoxdur. Əmin edir ki, arvadı ona Mahir və Farizlə xəyanət edib.

 

Qısqanclıq sayıqlamasını aşkara çıxarmaq çox çətindir. Kənardan bunu sezmək qeyri-mümkündür. Məişət qısqanclığına çox oxşayır. Məişət qısqanclığında, ola bilsin, insan xasiyyətcə qısqanc olsun, ya da hansısa situasiya onun qısqanmasına səbəb versin. Ancaq önəmli olan odur ki, insan hansısa dəlillərlə bu qısqanclığı, “xəyanət”i əsaslandırır.

 

İntizam isə fikrini belə əsaslandırır ki, mən məhəlləyə çıxanda mənə başqa gözlə baxırlar, məni görəndə üzlərini digər istiqamətə çevirirlər, deməli, arvadım mənə xəyanət edir”.

 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkənin qərarında göstərilib ki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyinə görə İntizam cinayət məsuliyyətindən azad edilib. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 43.3-1-ci maddəsinə əsasən barəsindəki iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib.

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsindən daxil olmuş məlumatdan görünür ki, təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxamasından təcili etapla “bədəninin müxtəlif nahiyyələrinin iki və üçüncü dərəcəli yanığı” diqanozu ilə müəssisənin intensiv terapiya şöbəsinə daxil olub.

 

Aparılan müalicə tədbirləri nəticəsində təqsirləndirilən şəxs səhhətində müsbət dinamika müşahidə edilməyib, daha da ağırlaşıb. 16 aprel 2024-cü ildə təxminən 09:25-də müəssisənin intensiv terapiya şöbəsində “bədən səthinin 3 və 4-cü dərəcəli termik yanığı, kəskin böyrək çatışmazlığı hipoalbuminemiya” diaqnozu ilə ölüb./Teleqraf.com