Gəncə Dövlət Universitetində (GDU) davamlı olaraq şikayətlər gəlir. Onlardan daha biri Tribunainfo.az-ın elektron poçtuna daxil olub. Universitetin müəlliməsi Mələk Abbasova tərəfindən göndərilmiş məktubda qeyd edilir ki, rəhbərlik onları sıxışdırmaqla yanaşı, həm də lazımi səviyyədə elmi fəaliyyətlə məşğul olmalarına imkan vermir.
Universitetdə korrupsiya hallarının çox olduğunu iddia edən Abbasova bildirir ki, filologiya fakültəsinin rəhbəri, sabiq rektor Mübariz Yusibov özünü az qala kral kimi aparır. “Bu adam kafedrada müəllimlərə göz verib, işıq vermir, onların öz elmi naliyyətlərini inkişaf etdirməyə mane olur. Professor ayrı-seçkilik edir, müdafiə etmək istəyən digər filoloqlara maneələr yaradır. Bütün işlərini və səlahiyyətlərini də elmi rəhbəri olduğu, ingilis dili kafedrasının müəlliməsi Türkan Cəlilovaya həvalə edib. Yəni, professordan işi keçənlər ilk növbədə Türkan xanımdan icazə almalıdırlar”.
Şikayətçi qeyd edir ki, fakültədə Türkan Cəlilovaya bu qədər səlahiyyət verilməsindən ciddi narazıdırlar. “Hətta ətrafı ona dəfələrlə xəbərdarlıq etsə də, Türkan Cəlilova heç kəsə məhəl qoymur, özünü az qala kafedranın müdiri kimi aparır. Bu da haqlı olaraq narazılığa gətirib çıxarır”.
Onlar bildirirlər ki, Mübariz Yusibov uzun müddət Yeni Azərbaycan Partiyası Gəncə Təşkilatının sədr müavini, idarə heyətinin üzvü olub. Hazırda Ağsaqqallar Şuranın İdarə Heyətinin üzvüdür. “YAP adətən bu cür hərkətlərə yol verənləri partiyadan uzaqlaşdırır. Necə ki, bir müddət öncə universitetdəki davranışlarına görə Hüseynbala Mirələmov elə YAP-ın özü tərəfindən cəzalandırıldı və universitetdən də, partiyadan da xaric edildi. Yəqin ki, GDU rektoru Yusif Yusibov da, keçmiş rektor Mübariz Yusibov da baş verənlərdən dərs çıxaracaq”.