G-7 sammiti gözləntiləri doğrultmadı

G-7 sammiti gözləntiləri doğrultmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya birjaları gözləmə mövqeyində

Fransanın Biarrits şəhərində keçirilən G-7 sammiti rəsmi bəyannamə olmadan başa çatıb.  Fransa, Almaniya, ABŞ, Yaponiya, İtaliya, Kanada və Böyük Britaniya liderlərinin yekun tədbirində – işgüzar şam yeməyində ABŞ prezidenti Donald Tramp Rusiyanın iştirakı ilə G-8 formatına qayıtmağı tələb edib. “The Guardan” qəzetinin diplomatik mənbələrə istinadla yaydığı xəbərə görə, onun bu təklifini Avropa ölkələrindən yalnız İtaliya dəstəkləyib. Yaponiyanın baş naziri Sindzo Abe isə bu məsələdə neytral qalıb. D.Tramp onu əsas gətirib ki, İran, Suriya və Şimali Koreya ilə bağlı problemlərin həllində Moskva mütləq iştirak etməlidir. G-7 qrupuna daxil olan ölkələrin liderləri Amazon meşələrində davam edən yanğınların söndürülməsi üçün Braziliyaya yardım göstərilməsi məsələsinə dair də razılıq əldə ediblər. Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib ki, onun ölkəsi bu məqsədlə 10 milyon funt sterlinq ayırıb. Daha bir qlobal əhəmiyyətli məsələ – ticarət müharibələrinin səngiməsi ilə bağlı müzakirələr isə gərgin keçib. ABŞ prezidenti yeni qlobal ticarət sazişinin bağlanmasının tərəfdarı olduğunu bildirib və qeyd edib ki, hazırkı şərtlərlə ticari münasibətlər, xüsusən Çinlə iqtisadi əlaqələr Vaşinqtonu qane etmir. Avropa ölkələrinin liderləri isə ABŞ-Çin ticarət müharibəsinin onların iqtisadiyyatına zərər verdiyini vurğulayıblar.

“G-7 sammitində İran məsələsi üzrə konstruktiv müzakirə də  olub.  Bütün tərəflər nüvə məsələsinin diplomatik yolla həlli ilə bağlı təkliflər verib.

Almaniya kansleri Angela Merkel G-7 sammitinə dair keçirilən mətbuat konfransında bildirib ki, bu, yaxşı və konstruktiv müzakirə idi. Bu müzakirədə  İranın nüvə silahını almaması və danışıqlar yolu ilə bu nəticəyə nail olmaq istəyində hamı vahid mövqeyini göstərdi. O əlavə edib ki, söhbət sonrakı eskalasiyanın buraxılmamasından gedir.

Güman edilir ki, İranla nüvə danışıqlarında müəyyən razılaşmanın əldə olunması, bu ölkəyə leqal yolla neft satışına icazə verilməsi ilə nəticələnəcək ki, bu da bazarda qiymətlərə təsirsiz ötüşməyəcək. Ümumilikdə, G-7 sammitində müzakirə olunan digər məsələlər, elə də ticarət müharibələrinə son qoyulması dünya birjalarına təsir edəcək siqnallar ötürməkdədir.

Natiq Cəfərli ile ilgili görsel sonucu

Bu toplantının dünya maliyyə bazarına, eləcə də birjalara necə təsir edəcəyi ilə bağlı məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışarkən bildirdi ki, G-7 sammiti gözləntiləri doğrultmadı: “G-7 sammitindən gözləntilər formalaşmışdı ki, ticarət müharibələri ilə bağlı vahid məxrəcə gəlinməsi, müəyyən pozitiv mesajların verilməsi baxımından müsbət rol oynaya bilər.  Dünya birjaları da bu prosesi yaxından izləyirdilər. Sammitin gedişatında İranın xarici işlər nazirinin oraya dəvət olunmasından sonra da bir ajiotaj yaranmışdı ki, İran məsələsi ilə bağlı da ciddi irəliləyiş ola bilər. “Bloomberg” xəbər agentliyi bazar günü belə bir məlumat paylaşdı ki, əgər razılaşma olsa, İrana gündəlik 700 min barel neft satışına icazə verəcəklər. Amerikanın sanksiyalarında yumşalma müşahidə olunacaq. Amma bu gün görünən odur ki, hələ ciddi bir irəliləyiş əldə olunmayıb. Gözləntilər var idi ki, İranın xarici işlər nazirinin Amerika prezidenti ilə görüşü də baş tuta bilər. Amma yalınız Fransanın xarici işlər naziri ilə görüş baş tutdu, İran məsələsində konkret nəticə əldə olunmadı deyə bazarlar bunu gözləmə mövqeyi kimi qəbul etdilər”.

Ekspertin sözlərinə görə, həm Asiya birjalarında, həm Avropa birjalarında  gözləmə mövqeyi hökm sürür: “Ticarət müharibələri ilə bağlı da ciddi irəliləyiş əldə olunmadı. Pozitiv məqam ondan ibarətdir ki, Yaponiya ilə Amerika arasında yeni ticarət anlaşmasının olacağı ilə bağlı yeni anlaşma oldu. Yaponiya baş naziri ilə Amerika prezidenti arasında razılaşma əldə edildi. Böyük Britaniya ilə Amerika arasında yeni anlaşmanın olması ehtimalından da danışılır. Ancaq Çinlə Amerika arasında ticarət müharibələrinin sona çatması ilə bağlı hər hansı anlaşma olmadı. Həm Çin, həm də Amerika tərəfindən sentyabr ayının 1-dən  yenidən gömrük və vergi rüsumlarının artırılması ilə bağlı məlumatlar yayıldı. Bu onu deməyə əsas verir ki, hələ ticarət müharibələrində növbəti mərhələlər qarşıdadır. Əgər İranla bağlı anlaşma olsaydı, İranın gündəlik olaraq bazara leqal yolla 700 min barel neft çıxartması gündəmə gəlsəydi, o  zaman neft qiymətlərində kəskin ucuzlaşma müşahidə edə bilərdik. Anlaşma baş vermədiyi üçün neft qiymətləri çox dəyişməyib. Qiymətlər 0,3 faiz ətrafından enib-qalxır. Hələ ki birjalar və dünya iqtisadiyyatı xəbər axınına köklənib. Qeyd etdiyimiz razılaşmalar təsdiqlənsə, bu zaman bazara təsir imkanları qiymətləndirilə bilər. Çox güman ki, biz kəskin reaksiyaların şahidi olacağıq”.

N.Cəfərli hesab edir ki, İranla bağlı ciddi anlaşmanın yaxın həftələrdə olması ehtimalı var: “Dünya mediasında da bununla bağlı kifayət qədər məlumatlar var. Razılaşma olarsa, iki ölkə rəhbərləri arasında görüşü də baş tuta bilər. Ən azı Amerikanın dövlət katibi ilə İranın xarici işlər nazirinin görüşü Avropa ölkələrinin birində baş tuta bilər. Əgər tərəflər masaya otursalar və İrana qarşı sanksiyalar yumşalsa, ən azı neft satışı ilə bağlı qadağa aradan götürülsə, bu zaman neft bazarında ciddi təsirləri olacaq. Qiymət ciddi şəkildə enə bilər. İranın bazardan çəkilməsi neft qiymətlərinin yüksək qalmasına səbəb olan amillərdən birincisi idi. Ancaq geosiyasi gərginliklər də qiymətlərə təsir edir. “Röyters” agentliyi xəbər yaydı ki, Ər-Riyada Yəməndəki müxalif qüvvələr tərəfindən hücum olub, bu zaman neftin qiymətində 1 dollarlıq sıçrayış oldu. Sonradan xəbər dəqiqləşdi ki, heç bir problem yaşanmayıb və yenidən enmələr müşahidə olundu. Hələ ki dünya birjaları xəbər axınına köklənmiş vəziyyətdədir. İstənilən pozitiv və ya neqativ bir məlumatın öz təsdiqini tapması həmin birjalarda öz əksini tapır, birjalar buna sərt reaksiyalar verirlər. Bu, özlüyündə yaxşı əlamət deyil. Birjalar əslində iqtisadi xəbərlərə köklənməlidir, daha çox iqtisadi məsələlər qiymətlərin formalaşmasına təsir etməlidir. Ancaq 2 ilə yaxındır ki, dünya birjaları siyasi və geosiyasi gərginliklər, bəyanatlarla hərəkətə gəlirlər, ən ciddi reaksiyanı da bu xəbərlərə verirlər”.

Nərgiz LİFTİYEVA