İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) dünən Füzuli rayonunda keçiriləcək tenderi ləğv edib. Tribunainfo.az xəbər verir ki, buna olduqca maraqlı hadisə səbəb olub.
Qeyd edək ki, tender TƏBİB-in balansında olan Füzuli rayon Mərkəzi Xəstəxanası tərəfindən həyata keçirilirmiş, Laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satınalınmasını əhatə edən tenderin dəyəri isə 170 min manat təşkil edib.
Lakin dünən məlum olub ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının PHŞ Laboratoriya xidməti ümumiyyətlə, ləğv olunub. Yəni, sözügedən xəstəxana ləğv olunmuş şöbəyə avadanlıq, reaktivlər və digər ləvazimatlar almağı planlaşdırırmış.