Futbol “professoru” Zizu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəl braziliyalı qarabala, Pele var idi. 

Əvvəl braziliyalı qarabala, Pele var idi.

 Edson Arantes Du Nasimentu yəni, futbol kralı.Sonra, Maradona gəldi. Argentinalı dəliqanlı oğlan Dieqo Armando. Bu balacaboy, tosqun-təşər solaxayın oyun tərzi, texnikası əsrarəngiz bir tamaşa idi. 1986-cı ili Meksikada keçirilən dünya çempionatının 4/1 finalında Şiltonlu, Linekerli güclü İngiltərə yığmasının qapısına əli ilə qol vurdu və dedi: “Bu mənim  deyil, Tanrının əli idi”.

Keçən əsrin 90-cı illərinin əvvəllərində Maradona narkotik və dopinq qalmaqalları ilə futbol dünyasını tərk etdi. Bundan sonra futbol ictimaiyyətini, tamaşaçı və jurnalistləri narahat edən bir məsələ var idi: Futbol aləmini çalxalayan həmən oyunçuların yerini kimi tutacaq?! Düzdür,  Romario, yekədiş Ronaldo, Rikelme, Şuker, İnzaqqi, Totti, Anri, Şirer və s. kimi ulduz oyunçular yetişmişdi. Amma onlar belə, futbol kralı adlandırılacaq səviyyədə deyildilər.

Bu ərəfədə, yəni 1998-ci ilin yayında Fransada dünya çempionatı başladı. Favorit kimi görünməsələr də, meydan sahibləri qarşılarına çıxan bütün rəqiblərini məğlubiyyətə uğradaraq fantastik dərəcədə güclü Braziliya yığmasına rəqib oldular. Braziliyalıların tərkibində kimlər yox idi, Taffarel, Bebeto, Ronaldo, Dunqa, Rivaldo, Roberto Karlos və s. Qələbənin kimin qazanacağına kimsədə şübhə belə ola bilməzdi. Hamı fikirləşirdi ki, görəsən  “sambaçılar” “xoruzlar”ın qapısına neçə qol vuracaq!?

Və budur,  1998-ci ilin 12 iyunu, Frasanın möhtəşəm “Stad de Frans” stadionu. Oyunun 27-ci və 45-ci dəqiqələrində, künc asmasını sərrast baş zərbələri ilə qola çevirən  əlcəzair əsilli futbolçu  dünya futol ictimaiyyətini şoka saldı.

Bax, məhz bu finaldan sonra hamı başa düşdü ki, Pele və Maradonanın yeri boş qalmayıb. Bu çempionatdan sonra “professorun” klub karyerası da yüksələn xətt üzrə inkişaf etməyə başladı. Əvvəl Yuve də, sonra isə Real da Zineddin xarüqələr yaratmağa başladı. Həmçinin, yiğmada da o, əlüstü Avropa çempionatının kubokunu da başı üzərinə qaldırdı.

Onun 2002-ci il, Çempionla liqasının finalında Roberto Karlosun asmasından sonra  Leverkuzenin Bayer klubuna vurduğu möhtəşəm qol isə əbədi olaraq yaddaşlara hopdu.

Zidan üç dəfə dünyanın ən yaxşı oyunçusu seçildi, 1998-ci ildə isə Avropanın ən yaxşısı kimi “Qızıl top”u qazandı.2004-cü ildə UEFA onu son 50 ilin ən yaxşı futbolçusu siyahısına daxil etdi.

Onun sərgilədiyi futbol tamaşasını “sehrli”, “möhtəşəm”, “fantastik” adlandırırdılar. Ancaq, epitetlər yalnız emosiya verir, oyunun daxili məzmunun izah etmir. Onun oyunun məzmunu, mənası isə sonsuz idi.

Zizunun adlı-sanlı komanda yoldaşları, özündən az məşhur olmayan rəqibləri hər hansı qol epizodunu həll etmək üçün 2-3 hərəkət etməli olurdularsa, Zidana bunun üçün bir, bəzən hətta yarım hərəkət də bəs edirdi.

Zidan topu başa düşürdü, anlayırdı, top da eyni tərzdə sənətkara cavab verirdi. Zineddin topu aparmırdı, yalnız ona toxunurdu. Topa optimal sürət və trayektoriya verərək düzgün istiqamətə itələyirdi.

O, topa sadəcə zərbə endirmirdi, həm də, öz bədəninin intellekt enerjisini ötürürdü. Zidan ayağının çöl tərəfi ilə zərgər dəqiqli ötürmələr verirdi. Bu üsul orta və kiçik distansiyalarda çox funksional səciyyə daşıyır.

Zineddin Zidan yetkin yaşlarında da kifayət qədər baxımlı oyun sərgiləyir, ağıl dolu ötürmələr edir, yenə də həlledici qollar vururdu. 2006-ci ildə Almaniyada keçirilən mundialda artıq qoca hesab edilən Zidan və Fransa komandasından heç kəs qorxub çəkinmirdi. Ümumiyyətlə, hamı və hər kəs fransızların 8/1-dən o tərəfə getməyəcəyi söyləyirdi. Amma yenə əlcəzair əsilli sənətkar bütün proqnozları alt-üst etməyi bacardı. Komandasını demək olar ki, təkbaşına finala qədər daşıdı. Əgər, finaldakı o kəllə epizodu ilə bağlı olay və ardından gələn qırmızı vərəqə olmasaydı, yəqin ki, Zidan daha bir çempionluq medalını boynuna asacaqdı.

Bəli, talenin gərdişindən, finallarda kəllə ilə vurduğu qolla məşhurluq qazanıb, futbola aləminə daxil olan Zidan, futbol aləmini də kəllə ilə tərk edib getdi. 

Artıq Zidan, bu təvazökar insan, idman həyatının yeni mərhələsinə qədəm qoyub. Özü də necə!? Realda çalışdığı müddətdə bir çox məşhur məşqçilərin bütün həyatları boyu qazana bilmədikləri nailiyyətləri əldə edib: 2 dəfə dalbada Çempionlar liqası kuboku, 1 dəfə İspaniya çempionu, 1 dəfə Avropa superkuboku və 1 dəfə də Qitələrarası futbol kuboku. Özü də, bütün bunları o sizcə hansı müddətdə əldə edib? İnanılmaz da olsa həqiqətdir, cəmisi 18 (!) aya. 

Əminəm ki, yuxarıda sadaladığımız  bütün bu ölçüyəgəlməz uğurlara imza atan qocaman futbolçunun məşqçi kimi də fəth edəcəyi zirvələr hələ qabaqdadır.

Vüsal Bağırlı